YapiKredi Müraciət Forması
İqtisadiyyat Özəl

"Hər 100 manatın 21 manatı iqtisadiyyata yönəldiləcək" — Vüqar Bayramov

Hər 100 manatın 21 manatı iqtisadiyyata yönəldiləcək — Vüqar Bayramov

2027-ci il üzrə dövlət büdcəsinin formalaşdırılması ölkənin qarşıdakı dövrdə iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Büdcə vəsaitlərinin hansı sahələrə yönəldilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılması gələn ilin iqtisadi gündəliyində əsas məsələlərdən olacaq.

Bəs ayrılan vəsaitlər real iqtisadi artıma, sahibkarlığın genişlənməsinə və məşğulluğun artmasına nə dərəcədə təsir edəcək? Hansı sahələrə daha çox investisiya yatırılmalı və 2027-ci ildə ölkə iqtisadiyyatını hansı perspektivlər gözləyir?

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, növbəti ilin dövlət büdcəsi xərcləri arasında iqtisadi artımın dəstəklənməsinə ayrılan vəsaitlər xüsusi paya malikdir.

Hər 100 manatın 21 manatı iqtisadiyyata yönəldiləcək — Vüqar Bayramov

Onun sözlərinə görə, dövlət büdcəsi iqtisadi inkişafı stimullaşdıran əsas vasitələrdən biri olduğundan, bu məqsədlə ayrılan vəsaitlərin həcmi və hansı istiqamətlərə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır:

"2026-cı ildə qeyri-neft-qaz ÜDM-nin 101,7 milyard manat olacağı gözlənilir. Növbəti ildə isə bu göstəricinin 109 milyard manatı ötəcəyi proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunda iqtisadi artımın dəstəklənməsi bu göstəricilərin yüksəlməsinə imkan verəcək. Eyni zamanda, iqtisadi artımın təmin olunması dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsaitlər hesabına da mümkün olur.

Belə ki, gələn il iqtisadi fəaliyyətə 8,9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, ümumi büdcə xərclərinin təxminən 21 faizini təşkil edir. Başqa sözlə, növbəti ilin büdcəsindən ayrılan hər 100 manatın 21 manatı iqtisadi fəaliyyətin dəstəklənməsinə yönəldiləcək.

Bu vəsaitlər iqtisadi artımın stimullaşdırılması, xüsusilə də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə iqtisadi fəaliyyətə ayrılan vəsaitlərin həcminin artması məşğulluğun dəstəklənməsinə və yeni iş yerlərinin sayının çoxalmasına müsbət təsir göstərə bilər. Nəticə etibarilə, bu, dövlət büdcəsinin iqtisadi artımın təmin olunmasında rolunun daha da güclənməsinə gətirib çıxaracaq".