Son günlər qızılın qiymətində müşahidə olunan ucuzlaşma alıcıların diqqətini yenidən bu bazara yönəldib. Qiymətlərin aşağı düşməsi qızıl almaq istəyənlər üçün fürsət yaratsa da, enişin nə qədər davam edəcəyi və yaxın aylarda qiymətlərin yenidən artıb-artmayacağı sual doğurur.
Qızılın dünya bazarında ucuzlaşması Azərbaycandakı alıcılara da təsirsiz ötüşmür. Bəs bu qiymət azalması müvəqqəti xarakter daşıyır, yoxsa qızıl bazarında daha uzunmüddətli ucuzlaşma gözlənilir? Hazırda qızıl almağı planlaşdıranlar qiymətlərin daha da düşməsini gözləməlidirlər, yoxsa indiki vəziyyətdən yararlanmaq daha məqsədəuyğundur?
İqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında söyləyib ki, dünya birjalarında qızılın qiymətinin enməsinin bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə, bunlardan biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrda və gələn ilin əvvəlində uçot dərəcəsini artırmaq ehtimalıdır:
"Bu gözlənti dollar indeksinin yüksəlməsinə səbəb ola bilər. Dolların möhkəmlənməsi isə ənənəvi olaraq qızılın qiymətinə mənfi təsir göstərir. Hazırkı gözləntilər də qızılın ucuzlaşmasına təsir edən amillərdən biridir. Digər səbəb Körfəz regionunda baş verən hadisələr, Hörmüz boğazının bağlanması və enerji daşıyıcılarının bahalaşmasıdır. Dünya bazarında neftin qiymətinin yüksək olması qızılın bahalaşma potensialını zəiflədə, bəzi hallarda isə onun ucuzlaşmasına səbəb ola bilər. Bundan başqa, Körfəz ölkələrində neft satışında yaranan problemlər səbəbindən bəzi dövlətlər büdcə ehtiyaclarını qarşılamaq üçün qızıl ehtiyatlarını satışa çıxarıblar. Bir sıra ölkələrin qızıl satışını artırması da dünya bazarında qiymətlərə təsir göstərən amillərdəndir. Hazırkı vəziyyətdə qızılın bir unsiyasının qiymətinin bir müddət 4 000 dollar ətrafında dəyişəcəyi gözlənilir. Qiymət müəyyən qədər aşağı və ya yuxarı hərəkət edə bilər. Lakin gələn il dünyadakı mövcud problemlər həll olunarsa və sabitlik yaranarsa, ikinci rübdən etibarən qızılın qiymətində yenidən artım müşahidə oluna bilər. Artıq institusional investorlar, yəni iri maliyyə qurumları və böyük sərmayəçilər qızıl alışına başlayıblar. Onların bir qismi qiymətlərin gələcəkdə yüksələcəyi gözləntisi ilə qızıl alaraq ehtiyatda saxlayır. Bununla belə, qiymət dəyişikliklərinin kiçik investorlar və adi vətəndaşlar üçün təsiri nisbətən məhduddur. Şəxsi ehtiyacları üçün qızıl almaq istəyənlər bunu hazırda da edə bilərlər. Ancaq 1 000 manatlıq qızıl alaraq üç-beş aydan sonra qiymət artımından qazanc əldə etməyi gözləmək ciddi investisiya strategiyası hesab olunmur. Çünki qızıl alınarkən satış qiyməti ilə alış qiyməti arasında fərq olur və vətəndaş onu geri satarkən daha aşağı qiymətlə üzləşə bilər.


