"Rəsmi dövlət hesablarının ələ keçirilməsi təsadüfi texniki nasazlıq deyil, bu, həm texniki, həm də psixoloji manipulyasiyaya əsaslanan, dövlət səviyyəsində ciddi təhlükəsizlik boşluqları yaradan sistemli hücumdur. Belə hücumların icra üsullarını və yaratdığı təhlükələri iki əsas kateqoriyada təhlil etmək mümkündür. Ən geniş yayılmış üsul sosial mühəndislik və fişinqdir. Hücumçu Instagram, X/Twitter və ya Facebook-un rəsmi dəstək xidməti kimi görünən saxta e-poçt və mesajlar göndərir. "Hesabınızda şübhəli giriş aşkar edildi, təsdiqləmək üçün bu linkə klikləyin" tipli mesajlarla istifadəçi adı, şifrə və ikiqat təsdiqləmə (2FA) kodları ələ keçirilir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev deyib.

Onun sözlərinə görə, şifrə zəifdirsə və ya əvvəlki sızıntıda istifadə olunan şifrə təkrarlanırsa, hücumçular "brute force" və "credential stuffing" metodları ilə hesaba birbaşa daxil ola bilir bu, hesabın ələ keçirilməsi (Account Takeover) adlanır:
"Rəsmi idarəçilərin cihazlarına yerləşdirilən "keylogger" və "spyware" klaviatura girişlərini və ekran görüntülərini izləyərək məlumatları oğurlayır. SIM-swap zamanı hücumçu operatorla əlaqə saxlayaraq nömrəni öz kartına köçürür və 2FA kodları birbaşa onun əlinə keçir. Sessiya oğurlanması (Session Hijacking) ilə isə brauzerdəki aktiv "cookie"lər götürülür və şifrə bilinmədən hesaba giriş mümkün olur. Prezidentin hesabının ələ keçirilməsi sadəcə bir səhifənin itirilməsi deyil. Hücumçular rəsmi hesabdan saxta elanlar, yanlış dövlət siyasəti bəyanatları və təhlükəli təlimatlar yaya bilər bu, xalq arasında panika, qarışıqlıq və sosial instabillik yaradır.
Hücumlar dövlətin kiber müdafiə qabiliyyətinə qarşı mesaj kimi də istifadə olunur: əhalidə "təhlükəsizlik zəifdir" düşüncəsi formalaşır. Əgər hücum konkret dövlət və ya qrupla əlaqələndirilərsə, diplomatik böhran və beynəlxalq münaqişə riski yaranır. Ən az diqqət yetirilən nəticə isə budur: ələ keçirilmiş bir rəsmi hesab, digər dövlət qurumlarının rəqəmsal ekosisteminə sızmaq üçün "atlama nöqtəsi" rolunu oynayır.
Bu hücumların qarşısını almaq üçün dövlətçilik səviyyəsində kiber-müdafiə strategiyaları, aparat əsaslı ikiqat təsdiqləmə (Hardware-based 2FA), davamlı monitorinq və rəsmi şəxslər üçün kiber-təhlükəsizlik protokolları mütləqdir".


