Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya mühüm hədəflər qoyulub. Qeyri-neft-qaz ixracının 4,2 milyard dolları ötəcəyi, 2030-cu ilədək bu sektorun iqtisadiyyatda payının 82 faizə çatacağı gözlənilir. Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatlarının xarici dövlət borcunu təxminən 20 dəfə üstələməsi maliyyə dayanıqlılığını gücləndirir.
Bu göstəricilər Azərbaycanın neftdən asılılığını azaltmaq baxımından nə dərəcədə əhəmiyyətlidir? 2030-cu il hədəfinə çatmaq üçün hansı konkret iqtisadi islahatlar həyata keçirilməlidir?
Demokrat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, 8 milyard dollardan artıq strateji valyuta ehtiyatının olması və xarici borcun aşağı səviyyədə saxlanılması Azərbaycanın mühüm iqtisadi üstünlüklərindəndir.

Onun sözlərinə görə, lakin bu üstünlüklər uzunmüddətli iqtisadi nəticələr əldə etmək üçün kifayət deyil:
"İlk növbədə, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişiklikləri aparılmalıdır. Əsas məqsəd neft gəlirləri hesabına qeyri-neft sektorunda dayanıqlı gəlir mənbələrinin formalaşdırılması və bununla da iqtisadi dayanıqlığın təmin edilməsidir. Hökumətin 2030-cu ilədək qeyri-neft sektorunun ümumi daxili məhsulda payını 82 faizə çatdırmaq hədəfi bu baxımdan mühüm göstəricidir. Bunun üçün qeyri-neft məhsullarının ixracı artırılmalı, yeni bazarlar və alternativ logistik imkanlar formalaşdırılmalıdır. Azərbaycan mühüm strateji logistika layihələrinə qoşulub və bu istiqamətdə aparıcı ölkələrdən biridir. Xüsusilə Orta Dəhlizi qeyd etmək lazımdır. Zəngəzur tranzit yolunun istifadəyə verilməsi istiqamətində atılan addımlar, Ələt Azad İqtisadi Zonası, Ələt Beynəlxalq Ticarət Limanı və dəmir yolu infrastrukturunun yenilənməsi, bu sahəyə investisiyaların artırılması Azərbaycanın tranzit ölkə kimi mövqeyini gücləndirir. Beləliklə, Avropa ilə Asiyanı birləşdirən mühüm strateji mövqeyə malik olması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə şərait yaradır. Azərbaycanın qarşısında duran əsas iqtisadi vəzifələrdən biri neft gəlirlərini real iqtisadi sektorlara yönəltmək və neftdən asılı olmayan iqtisadi sistem formalaşdırmaqdır. Bunun üçün ilk növbədə kredit faizləri aşağı salınmalı, qeyri-neft sektoruna real investisiyalar yönəldilməli, aqrar sahənin inkişafına xüsusi diqqət ayrılmalı və sənaye istiqamətində ciddi addımlar atılmalıdır. Burada vacib məqamlardan biri də sənaye istehsalının yalnız kiçik sənaye məhəllələrinin və iri sənaye komplekslərinin yaradılması, yaxud investisiyaların ayrılması ilə məhdudlaşmamasıdır. İstehsal olunan hər bir sənaye məhsulu üçün xarici bazarlar tapılmalıdır. Azərbaycanın ətrafında Rusiya, Türkiyə və İran kimi güclü sənaye ölkələri yerləşir. Belə rəqabətli mühitdə ölkəmiz real satış bazarları tapmaqla, daxili sənaye istehsalını genişləndirməklə və xarici bazarlara çıxış imkanlarını artırmaqla qeyri-neft sektorunda ciddi uğurlar əldə edə bilər.
Bütün bu tədbirlər kompleks şəkildə həyata keçirilməlidir. Ayrı-ayrı istiqamətlər üzrə addımlar atmaqla ümumi nəticə əldə etmək mümkün deyil. Bu sahədə vahid proqram hazırlanmalı və ardıcıl şəkildə icra olunmalıdır. Hökumətin artıq 2030-cu il üçün müəyyən etdiyi hədəflər də bu baxımdan əhəmiyyətlidir. Qeyri-neft sektorunun ÜDM-də payının 82 faizə çatdırılmasının hədəflənməsi müsbət və sevindirici haldır. Düşünürəm ki, neft və qaz gəlirlərinin real olaraq aqrar və sənaye sektorlarına yönəldilməsi, kredit faizlərinin aşağı salınması, eləcə də maliyyə sistemində daha şəffaf, çevik və operativ qərarların qəbul edilməsi qarşıya qoyulan hədəflərə çatmaq üçün vacib şərtlərdəndir".


