Sosial şəbəkələrdə, xüsusilə də "TikTok" platformasında xeyriyyəçilik adı altında pul toplanması, canlı yayımlarda istifadəçilərdən müxtəlif bəhanələrlə maddi yardım istənilməsi müzakirələrə səbəb olub. Bəzi şəxslərin başqalarının maddi imkanları hesabına xeyirxah obrazı yaratması və insanların mərhəmət hissindən sui-istifadə etməsi məsələsi də diqqətə çatdırılır.
Aparıcı-aktyor Sərxan Kərəmoğlu bu cür hallara qarşı daha ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib.
Sənətçi aidiyyəti qurumlara səslənərək, "TikTok"-da xeyriyyəçilik adı altında pul toplayan, eləcə də insanlardan davamlı şəkildə pul istəyən şəxslərə nəzarətin gücləndirilməsini və onların cəzalandırılmasını tələb edib:
"TikTok"-da başqasının pulu ilə "yaxşılıq" edənlər və mədəni dilənçilər cərimələnməli, eyni zamanda bu işlə məşğul olduqlarına görə cəzalandırılmalıdırlar. İnsanların hissləri ilə oynamaq olmaz.
Necə ki, açıq-saçıq davranış nümayiş etdirənlər, söyüş söyənlərlə bağlı cərimələr artırılıb və müəyyən cəzalar tətbiq olunur, bu cür insanlara münasibətdə də nəzarət olmalıdır. Biri var desin ki, mən filan işi görmək istəyirəm, bunun qarşılığında pul istəyir, biri də var ki, çıxıb pul dilənir. Bu dilənçiliyi yığışdırmaq lazımdır!" (Musavat.com)


