Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Demokrat.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, noyabrın 16-da baş tutan tədbirdə Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək universitetlərarası əlaqələrin genişləndirilməsinin, birgə təhsil və elmi tədqiqat layihələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində Gürcüstanın 1117 vətəndaşı təhsil alır. Onun sözlərinə görə, ötən il Azərbaycan və Gürcüstanın ümumilikdə 13 ali təhsil müəssisəsi arasında 7 əməkdaşlıq memorandumu imzalanıb.
İ.İsayev birgə elmi araşdırmalar üçün perspektivli istiqamətlərə də toxunub. O, xüsusilə süni intellekt, bərpa olunan enerji, su ehtiyatlarının idarə edilməsi və kənd təsərrüfatı texnologiyaları sahələrində tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Nazir müavini bu istiqamətlərdə təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat qruplarının yaradılması və elmi tədbirlərin təşkili imkanlarının geniş olduğunu bildirib.
Çıxışda universitetlərin akademik potensialının artırılması, innovasiya və startap mühitinin inkişafı, eləcə də beynəlxalq ikili diplom proqramlarının genişləndirilməsi məsələləri də diqqətə çatdırılıb.
İdris İsayev konfrans çərçivəsində aparılan müzakirələrin iki ölkə arasında elm və ali təhsil sahəsində yeni layihələrin reallaşmasına və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.


