YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Blinçiklərin tavada dağılmaması üçün sadə resept

Blinçiklərin tavada dağılmaması üçün sadə resept

Blinçik hazırlayarkən onların tavada cırılması, bükülərkən sınması və ya həddindən artıq qalın alınması tez-tez rast gəlinən problemlərdəndir. Lakin ideal nəticə əldə etmək üçün bütün resepti dəyişməyə ehtiyac yoxdur. Sadəcə bir inqrediyenti digəri ilə əvəz etməklə daha yumşaq, zərif və elastik blinçiklər hazırlamaq mümkündür.

Demokrat.az "Haps"a istinadən xəbər verir ki, bunun üçün adi süd əvəzinə kefirdən istifadə etmək tövsiyə olunur. Kefir və mineral suyun düzgün nisbətdə qarışdırılması xəmirə xüsusi yumşaqlıq və elastiklik verir. Bu üsul xüsusilə içliklə hazırlanan blinçiklər üçün əlverişlidir. Çünki belə blinçikləri bükərkən onların cırılma ehtimalı azalır.

Blinçik üçün lazım olan ərzaqlar:

- 1 stəkan kefir;
- 3/4 stəkan mineral su;
- 1 stəkan buğda unu;
- 2 yumurta;
- Bir çimdik duz;
- Şirin blinçik üçün 1 çay qaşığı şəkər;
- 3 xörək qaşığı əridilmiş kərə yağı.

Hazırlanma qaydası

İlk növbədə kefir və yumurtanı soyuducudan çıxarıb otaq temperaturuna çatdırmaq lazımdır. Kərə yağı isə əridildikdən sonra bir qədər soyudulmalıdır.

Dərin qaba kefir və mineral su tökülür, üzərinə yumurtalar əlavə edilərək çırpılır. Daha sonra ələnmiş un, duz, istəyə uyğun şəkər və əridilmiş kərə yağı qarışığa əlavə olunur. Bütün ərzaqlar topaq qalmayana qədər yaxşıca qarışdırılır.

Hazır xəmirin üzərini örtərək 15-20 dəqiqə gözlətmək məsləhətdir. Bu müddət ərzində undakı qlüten şişir və xəmir daha uyğun konsistensiya alır.

Bundan sonra tava az miqdarda yağlanaraq qızdırılır. Xəmirdən bir çömçə tavaya tökülür və səthə bərabər şəkildə yayılır. Blinçiklərin hər iki üzü qızılı rəng alana qədər bişirilir.

Bu üsulla hazırlanan blinçiklər daha yumşaq və elastik olur, asanlıqla bükülür və içliyi sarıyarkən dağılmır.