"Qalatasaray" qış transfer pəncərəsində heyətində dəyişiklik etməyə hazırlaşır. İstanbul təmsilçisinin mövsümün əvvəlində icarəyə götürdüyü fransalı müdafiəçi El-Şadayl Bişabiu ilə yollarını ayırmağı nəzərdən keçirdiyi bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Məlumata görə, baş məşqçi Okan Burukun gözləntilərini doğrultmayan 20 yaşlı futbolçunun yanvar ayında komandadan göndərilməsi gündəmdədir. Ayrılıq baş tutarsa, klub rəhbərliyi müdafiənin mərkəzində yaranacaq boşluğu yeni oyunçu ilə doldurmağa çalışacaq.
"Qalatasaray" Bişabiunu Almaniyanın "RB Leypsiq" klubundan 2026-2027-ci illər mövsümünün sonunadək satınalma hüququ ilə icarəyə götürüb. İstanbul klubu bu transfer üçün 2 milyon avro ödəyib.
Razılaşmaya əsasən, fransalı müdafiəçinin satınalma məbləği 28 milyon avro müəyyənləşdirilib. Bu hüquqdan istifadə edib-etməmək qərarı isə "Qalatasaray"ın öz ixtiyarındadır.
Qış transfer dönəmində klubun həm Bişabiunun mümkün ayrılıq şərtlərini, həm də onun əvəzinə gətiriləcək müdafiəçilərin vəziyyətini qiymətləndirəcəyi gözlənilir.


