Yeni ilin gəlişinə sayılı günlər qaldıqca ailələr bayram süfrəsi üçün alış-veriş etməyə hazırlaşır. Ənənəvi olaraq süfrələrdə yer alan plov, ət yeməkləri, paytaxt salatı, müxtəlif qəlyanaltılar, meyvə, çərəz və şirniyyatlar bayram alış-verişinin əsas hissəsini təşkil edir. Lakin bütün bu məhsulların alınması ailə büdcəsi üçün heç də az xərc tələb etmir. Süfrənin çeşidindən və məhsulların miqdarından asılı olaraq xərclər ciddi şəkildə dəyişir.
Aparılan təxmini bazar və market qiymətləndirməsinə əsasən, üç nəfərlik ailənin orta səviyyəli Yeni il süfrəsi hazırlaması üçün təxminən 250-300 manat vəsaitə ehtiyacı ola bilər. Daha sadə süfrə hazırlamaq istəyənlər isə məhsulların çeşidini və miqdarını azaltmaqla xərcləri 200 manat civarında saxlaya bilərlər. Əksinə, süfrəsində bir neçə növ ət yeməyi, çoxsaylı salatlar, geniş çərəz və meyvə çeşidləri, eləcə də bahalı şirniyyatlar görmək istəyənlərin xərci 300-350 manatı keçə bilər. Xüsusilə hinduşka, qırmızı balıq, bahalı pendirlər, idxal meyvələri və hazır şirniyyatlar seçildikdə bayram alış-verişinin məbləği daha da artır. Beləliklə, Yeni il süfrəsinin hazırlanması dörd nəfərlik ailə üçün təxminən 350-400 manata başa gələ bilər. Ailə üzvlərinin sayı artdıqca, süfrənin çeşidi genişləndikcə bu məbləğ də yüksəlir. Nəzərə almaq lazımdır ki, göstərilən rəqəmlər təxmini alış-veriş hesablamalarıdır və mağaza, bazar, məhsulun markası və keyfiyyətindən asılı olaraq dəyişə bilər.
Demokrat.az-a məsələ ilə bağlı danışan iqtisadçı Razi Abasbəyli söyləyib ki, yeni il süfrəsinin təşkili ailə üzvlərinin sayından, ərzaq seçimindən və süfrədə istifadə olunacaq məhsulların çeşidindən asılıdır:

"Buna görə də vahid qiymət müəyyənləşdirmək çətindir. Burada ailənin neçə nəfərdən ibarət olması və hansı ərzaqlara üstünlük verməsi əsas şərtlərdəndir. Məsələn, mal və ya qoyun əti alınarsa, büdcə fərqli olacaq. Toyuq əti, digər quş əti və ya balıq məhsullarına üstünlük verildiyi halda isə xərclər dəyişəcək. Ümumi faktiki istehlak qiymətlərinə uyğun hesablamalarımıza görə, bir günlük bayram süfrəsi iki nəfərlik ailə üçün təxminən 200 manat, dörd nəfərlik ailə üçün 300 manat, beş və daha çox üzvü olan ailələr üçün isə 450-500 manata qədər başa gələ bilər. Nəzərə almaq lazımdır ki, Yeni il ərəfəsində bazarlarda tələbatın artması qiymətlərə də təsir göstərir. Əvvəlki dövrlərlə müqayisədə bayram günləri yaxınlaşdıqca ərzaq, meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları, balıq və quş ətinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Bu, təkcə Azərbaycana deyil, ümumilikdə dünya ticarətinə xas olan haldır. Bayram günlərində daha çox gəlir əldə etmək istəyən satıcılar məhsulları fərqli qiymətlərlə təklif edirlər".
İqtisadçı əlavə edib ki, ailə üzvlərinin sayından və ərzaq seçimindən asılı olaraq Yeni il süfrəsinin xərci 200 manatdan 500 manatadək dəyişə bilər:
"Əgər bu məbləğə əyləncə proqramları və restoran menyuları da əlavə olunarsa, xərclər bir neçə dəfə arta bilər. Söhbət yalnız ev şəraitində, ailə üzvləri ilə birlikdə hazırlanan süfrədən gedirsə, iki nəfərlik ailənin xərci təxminən 200 manat, beş və daha çox üzvü olan ailənin xərci isə 400-500 manat arasında dəyişə bilər".


