Azərbaycanda uzun illərdir ev sahibi olmasına baxmayaraq, əmlakına dair çıxarış əldə edə bilməyən vətəndaşlar var. Xüsusilə torpaq sahəsinin təyinatı, tikintiyə icazə, sənədlərin olmaması və digər hüquqi məsələlər evlərin rəsmiləşdirilməsi prosesində çətinlik yaradır. Bəzi vətəndaşlar isə hansı sənədlər əsasında yaşayış evlərini rəsmiləşdirə biləcəklərini bilmirlər.
Qanunvericiliyə əsasən, hansı evlərin sənədləşdirilməsi mümkündür? Çıxarış almaq üçün hansı şərtlər yerinə yetirilməlidir?
Əmlak eksperti Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sənədsiz fərdi yaşayış evləri problemi bir günün və ya bir neçə ilin problemi deyil:

"Bu, uzun illər ərzində formalaşmış, müəyyən sosial və iqtisadi səbəbləri olan məsələdir. Müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizdə əhalinin mənzilə olan ehtiyacı kifayət qədər böyük idi. Həmin dövrdə dövlətimizin iqtisadi imkanları da indiki səviyyədə deyildi. Üstəlik, nəzərə almalıyıq ki, Azərbaycan əhalisinin təxminən hər yeddi nəfərindən biri qaçqın və ya məcburi köçkün vəziyyətində idi. Belə bir şəraitdə fərdi yaşayış evlərinin tikintisinə münasibətdə uzun illər nisbətən yumşaq yanaşma mövcud olub. İnsanlar müxtəlif hüquqi sənədlərə malik torpaq sahələrində, bəzən isə ümumiyyətlə sənədi olmayan, hətta dövlət torpaqlarında özlərinə ev tikərək mənzil problemlərini həll etməyə çalışıblar. Əlbəttə, şəhərsalma baxımından bunun müəyyən mənfi nəticələri də olub. Amma həmin dövrün sosial və iqtisadi reallıqlarını nəzərə almadan bu məsələyə yalnız bugünkü qanunvericiliyin tələbləri əsasında qiymət vermək də doğru olmazdı. O dövrdə Qərbi Avropa ölkələrindəki kimi sərt şəhərsalma qaydalarının tətbiqi praktik baxımdan kifayət qədər çətin idi. Son illərdə isə ölkəmizdə şəhərsalma və tikinti sahəsində ciddi islahatlar aparılır.
Xüsusilə bir məqamı vurğulamaq istəyirəm: əslində, fərdi yaşayış evlərinin qanuni tikintisi çətinləşdirilməyib, əksinə, prosedurlar sadələşdirilib və şəffaflaşdırılıb. Məsələn, bu gün vətəndaş yaşayış evi tikintisi üçün uyğun təyinatlı torpaq sahəsinə malikdirsə, müəyyən ölçü və texniki tələblərə cavab verən fərdi yaşayış evinin tikintisi üçün ayrıca tikinti icazəsi almasına ehtiyac yoxdur. Üç yerüstü mərtəbədən, 12 metr hündürlükdən və 6 metr aşırım uzunluğundan çox olmayan fərdi yaşayış evləri üçün məlumatlandırma icraatı tətbiq olunur. Vətəndaş torpaq sahəsinə dair hüquqi sənədlərini və müvafiq qaydada hazırlanmış layihəni təqdim edir. Qanunvericiliklə müəyyən edilmiş 10 gün ərzində layihəyə irad bildirilməzsə, tikintiyə başlaya bilər. Tikinti başa çatdıqdan sonra bu barədə aidiyyəti quruma məlumat verir və müvafiq sənədlər əsasında evin dövlət qeydiyyatına alınması üçün müraciət edə bilir".
Ekspert əlavə edib ki, burada məqsəd vətəndaşın qarşısına əlavə maneələr çıxarmaq deyil, əksinə, qanuni şəkildə ev tikməsini və sonradan həmin evə mülkiyyət hüququnu rəsmiləşdirməsini asanlaşdırmaqdır:
"İndi vətəndaşlarda haqlı olaraq belə bir sual yarana bilər: əgər şəhərsalma qaydaları mövcuddursa, bəs necə olur ki, bəzi yaşayış massivlərində evlər bir-birinə həddindən artıq yaxın, demək olar ki, ara məsafəsi saxlanılmadan tikilib? Burada nəzərə almaq lazımdır ki, həmin yaşayış massivlərinin böyük hissəsi uzun illər ərzində, əvvəlki dövrlərdə formalaşıb. Hazırda aparılan islahatların əsas məqsədlərindən biri də bundan sonra tikiləcək evlərin şəhərsalma normalarına uyğun, təhlükəsiz və hüquqi baxımdan problemsiz inşa edilməsini təmin etməkdir.
Mövcud sənədsiz evlərin məsələsinə gəldikdə isə, düşünürəm ki, burada mərhələli yanaşma daha məqsədəuyğun olardı. İlk növbədə, torpaq sahəsi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş, lakin evin özü sənədləşdirilməmiş tikililərdən başlamaq olar. Bu kateqoriyaya aid evlərin bir hissəsinin qeydiyyatı mövcud qanunvericilik çərçivəsində mümkündür. Növbəti mərhələdə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş yaşayış evlərinin vəziyyəti araşdırıla bilər. Təyinatın dəyişdirilməsi hüquqi və şəhərsalma baxımından mümkün olan ərazilərdə müvafiq həll yolları nəzərdən keçirilə bilər. Daha sonra digər təyinatlı torpaqlarda yerləşən tikililərin vəziyyətinə fərdi qaydada baxılması mümkündür. Əlbəttə, burada magistral kommunikasiya xətləri, mühafizə zonaları, sel və daşqın təhlükəsi olan ərazilər, eləcə də digər təhlükəsizlik tələbləri mütləq nəzərə alınmalıdır. Yəni bütün sənədsiz evlərə eyni hüquqi yanaşmanı tətbiq etmək mümkün deyil. Hər bir tikilinin yerləşdiyi torpaq sahəsinin statusu, tikilmə tarixi və şəhərsalma normalarına uyğunluğu ayrıca qiymətləndirilməlidir".
Firdovsi Xəlilov qeyd edib ki, torpaq sahəsi alarkən yalnız çıxarışın olub-olmamasına deyil, həmin sənəddə torpağın hansı təyinatla göstərildiyinə də diqqət yetirmək lazımdır:
"Çünki torpağın çıxarışının olması həmin ərazidə mütləq yaşayış evi tikməyin mümkün olduğu demək deyil. İkinci vacib məsələ torpaq sahəsinin ölçüləri və evin həmin sahədə düzgün yerləşdirilməsidir. Məsələn, vətəndaş 3 sot torpaq alır və düşünür ki, həmin 300 kvadratmetrin istədiyi hissəsində ev tikə bilər. Halbuki qonşu sahələrlə ara məsafələri, küçənin qırmızı xətti, yanğın təhlükəsizliyi və digər şəhərsalma normaları nəzərə alınmalıdır. Bəzən torpağın ümumi sahəsi kifayət qədər olsa da, onun eni, uzunluğu və yerləşməsi nəzərdə tutulan ölçüdə ev tikməyə imkan vermir. Üçüncü məsələ torpaq sahəsinin yerləşdiyi ərazinin xüsusiyyətləridir. Torpağın altından və ya yaxınlığından magistral qaz, elektrik, su və kanalizasiya xətlərinin keçib-keçmədiyi, ərazinin mühafizə zonasına düşüb-düşmədiyi yoxlanılmalıdır. Həmçinin ərazidə sel, daşqın və ya su basması risklərinin olub-olmamasına diqqət edilməlidir. Dördüncü məsələ isə tikintinin mütləq müvafiq layihə əsasında aparılmasıdır. Vətəndaş düşünməməlidir ki, torpaq özünündürsə, istədiyi ölçüdə və formada ev tikə bilər. Evin mərtəbə sayı, hündürlüyü, qonşu sahələrlə məsafəsi və digər parametrləri qanunvericiliyin tələblərinə uyğun olmalıdır.
Bu məsələdə iki istiqaməti bir-birindən ayırmaq lazımdır. Birincisi, keçmiş illərdə yaranmış sənədsiz ev probleminin mövcud hüquqi imkanlar daxilində mərhələli həlli, ikincisi isə bundan sonra tikilən evlərin eyni problemlərlə üzləşməməsidir. Hesab edirəm ki, son illərdə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məhz ikinci istiqamətdə çox mühüm addımdır. Birinci istiqamətdə isə mövcud tikililərin hüquqi və texniki vəziyyətinə uyğun olaraq mərhələli həll mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı".


