ABŞ-nin aparıcı banklarının sistemində kütləvi texniki problem yaranıb.
Demokrat.az xəbər verir ki, bazar ertəsi günorta saatlarında ABŞ-nin üç ən iri maliyyə qurumu olan "Chase", "Bank of America" və "Wells Fargo"nun elektron sistemlərində ciddi texniki nasazlıq qeydə alınıb. Problem səbəbindən minlərlə müştəri şəxsi hesablarına daxil ola və bank əməliyyatlarını yerinə yetirə bilməyib.
Onlayn xidmətlərdəki fasilələri real vaxt rejimində izləyən "Downdetector" platformasına istifadəçilər tərəfindən çoxsaylı şikayətlər daxil olub. Müştərilər sosial şəbəkələrdə xüsusilə pul köçürmələri üçün nəzərdə tutulan mobil tətbiq bölmələrinin işləməməsindən narazılıqlarını ifadə ediblər.
Hazırda hadisənin dəqiq səbəbləri məlum deyil və müvafiq banklar problemin mənbəyini müəyyənləşdirmək üçün araşdırma aparırlar.
Bank sektorundakı bu fasilə ABŞ-də hava nəqliyyatını iflic edən və mənbəyi araşdırılan ümummilli texniki nasazlıqdan cəmi bir neçə gün sonraya təsadüf edib.


