Restoran və ictimai iaşə obyektlərində müştərilərə təqdim olunan yeməklərin keyfiyyəti və təhlükəsizliyi müzakirə mövzusu olaraq qalır. Bəzi müəssisələrdə əvvəlki gündən qalan yeməklərin növbəti gün yenidən satışa çıxarılması ehtimalı istehlakçılarda narahatlıq yaradır.
Bəs bir gün əvvəl hazırlanmış yeməklərin növbəti gün müştərilərə təqdim edilməsi hansı hallarda təhlükəli hesab olunur? Belə halların qarşısını almaq üçün hansı saxlanma qaydalarına əməl edilməli və istehlakçılar hansı əlamətlərə diqqət yetirməlidirlər?
Qida eksperti Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, ictimai iaşə müəssisələrində bəzi yeməklərin əvvəlcədən hazırlanması məsələsinə yanaşarkən bir sıra məqamları qarışdırmaq olmaz.

Onun sözlərinə görə, restoranlarda hər gün hazırlanan və menyuda yer alan müxtəlif növ şorbalar mövcuddur:
"Məsələn, mərcimək, toyuq və göbələk şorbaları. Göbələk şorbası sifariş zamanı tez hazırlana bilər. Lakin toyuq şorbasının hazırlanması daha çox vaxt tələb edir. Müştərinin belə bir yeməyin hazırlanması üçün 30-40 dəqiqə gözləməsi real deyil. Ona görə də burada əsas məsələ qida təhlükəsizliyi standartlarını pozmadan bişmiş məhsulların düzgün soyudulması və yenidən qızdırılması texnologiyasına əməl etməkdir. Məsələn, şorba bişirildikdən sonra otaq temperaturunda uzun müddət saxlanılmadan sürətlə soyudulmalıdır. Bunun üçün buzdan və ya məhsulları qısa müddətdə soyudan xüsusi avadanlıqlardan istifadə edilə bilər. Daha sonra şorbanın üzəri streç plyonka və ya qapaqla örtülməli, etiketlənərək +2–+4 dərəcə temperaturda olan soyuducuda saxlanılmalıdır. Bu şərtlərə düzgün əməl edildiyi halda şorbaları 72 saata qədər saxlamaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, soyuducunun qapısı gün ərzində dəfələrlə açılıb-bağlanır və bu da daxili temperaturun dəyişməsinə səbəb ola bilər.
Buna görə də məhsulun 48 saat ərzində istehlak edilməsi daha məqsədəuyğundur. Şorba yenidən qızdırılarkən isə onun daxili temperaturunun 75 dərəcədən yuxarı olmasına diqqət yetirilməlidir. Qril toyuq və dönər kimi məhsullara gəldikdə isə burada vəziyyət tamamilə fərqlidir. Məsələn, restoranda bişirilərək müştəriyə təqdim edilmiş qril toyuq geri qaytarıldıqdan sonra yenidən istifadə oluna bilməz. Bu, birbaşa qida təhlükəsizliyi qaydalarının pozulmasıdır. Dönərə də eyni yanaşma tətbiq edilməlidir. Gün ərzində şişdə qalan, satılmayan ət səhərə saxlanılaraq növbəti gün yenidən bişirilib müştərilərə təqdim edilə bilməz. Belə məhsullar insan istehlakı üçün istifadə olunmamalı, müvafiq qaydada utilizasiya edilməlidir. Bu, mütləq şəkildə məhsulun məhv edilməsi demək deyil. Müvafiq tələblərə uyğun olduğu halda heyvan yemi kimi istifadə edilməsi də mümkündür. Məsələn, heyvan sığınacaqlarına və ya bu məqsədlə istifadə edə biləcək təsərrüfatlara yönləndirilə bilər. Ancaq insan qidası kimi təqdim olunması yolverilməzdir. Bundan başqa, à la carte adlanan, yəni müştərinin menyudan seçərək sifariş verdiyi yeməklər də var. Şnitzel, naggets, langet, tabaka, kabab və digər bu kimi yeməklər sifarişdən əvvəl bişirilərək saxlanılmamalıdır. Onlar müştərinin sifarişindən sonra yerində hazırlanmalıdır.
Çünki bu yeməklərin hazırlanma texnologiyası fərqlidir: bəziləri sobada, bəziləri tavada, digərləri isə dərin yağda bişirilir. Yəni hansı məhsulun əvvəlcədən hazırlanıb saxlanıla biləcəyini fərqləndirmək lazımdır. Məsələn, sulu yeməkləri, o cümlədən piti və şorbaları müvafiq qaydada bişirib soyutduqdan sonra saxlamaq, sifariş zamanı isə yenidən qızdıraraq təqdim etmək mümkündür. Lakin şnitzel, naggets, tabaka və kabab kimi yeməklər yerində, sifariş əsasında hazırlanmalıdır. Bir daha qeyd edim ki, şorbaların əvvəlcədən hazırlanaraq saxlanılmasında problem yoxdur. Əsas məsələ qida təhlükəsizliyi standartlarına əməl etmək, məhsulu düzgün soyutmaq, müvafiq temperaturda saxlamaq və yenidən qızdırarkən lazımi temperatur həddinə çatdırmaqdır. Saxlanma müddətinə gəldikdə isə maksimum 72 saat mümkün olsa da, soyuducuda temperatur dəyişiklikləri ehtimalını nəzərə alaraq 48 saat ərzində istehlak edilməsi daha məqsədəuyğundur".


