İrlandiyalı boksçu, beşqat ölkə çempionu Li Rivz 31 yaşında dünyasını dəyişib. O, avqust ayında rinqdə aldığı ağır zədənin fəsadları nəticəsində həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə "Limerick Leader" nəşri məlumat yayıb.
Məlumata görə, avqustun əvvəlində keçirilən döyüş zamanı aldığı zərbədən sonra Rivz yerə yıxılıb və bir neçə saniyə hərəkətsiz qalıb. Ona dərhal tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.
Boksçu daha sonra əməliyyat olunub və paytaxtdakı klinikadan Limerik şəhərindəki xəstəxanaya köçürülüb. O, təxminən üç ay yarım dərman vasitəsilə yaradılmış komada saxlanılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Li Rivz peşəkar boks karyerası ərzində 18 döyüş keçirib. Onlardan 16-da qələbə qazanan idmançı iki dəfə məğlub olub.


