YapiKredi Müraciət Forması
İdman Özəl

Türkiyə klubları transfer itkilərinə görə Avropada üçüncü yerdədir

Türkiyə klubları transfer itkilərinə görə Avropada üçüncü yerdədir

Türkiyə Superliqası son beş ildə transfer əməliyyatlarından əldə edilən gəlir və xərclərin balansına görə Avropanın ən çox zərər edən üçüncü çempionatı olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşrinin "Transfermarkt" məlumatları əsasında apardığı araşdırmada bildirilir.

Araşdırmaya əsasən, Türkiyə klublarının son beş ildə transferlərə çəkdiyi xərclərlə əldə etdiyi gəlirlər arasındakı fərq mənfi 687 milyon avro təşkil edib. Bu göstərici ilə Türkiyə yalnız İngiltərə Premyer Liqası (6,79 milyard avro) və İtaliya A Seriyasından (961 milyon avro) geri qalır.

Avropanın ən böyük 10 liqasından altısı isə transfer əməliyyatlarını mənfəətlə başa vurub. Portuqaliya çempionatı 1,14 milyard avro gəlirlə siyahıya başçılıq edir. Belçika (1 milyard avro), Fransa (987 milyon avro) və Niderland (982 milyon avro) da müsbət saldo ilə fərqlənib.

Türkiyədə ən çox transfer zərəri "Qalatasaray"ın payına düşür. İstanbul təmsilçisinin son beş ildəki mənfi balansı 245 milyon avro olub. "Fənərbağça" 185 milyon avro, "Beşiktaş" 169,6 milyon avro, "Trabzonspor" isə 42,3 milyon avro zərər edib.

Maraqlıdır ki, bu göstəricidə ilk beşliyə Türkiyə Superliqasında debüt mövsümünü keçirən "Çorum FK" da daxil olub. Klubun transfer balansı mənfi 26,2 milyon avro təşkil edib.

Türkiyə klubları arasında ən çox transfer gəliri əldə edən komanda isə "Göztəpə"dir. İzmir təmsilçisi son beş ildə 16,77 milyon avro müsbət saldo ilə fərqlənib. Nəşr qeyd edir ki, Avropa turnirlərində ciddi uğurları olmayan Türkiyə klublarının bu qədər yüksək transfer itkisi ilə üzləşməsi futbol idarəçiliyində maliyyə səmərəliliyi məsələsini yenidən gündəmə gətirir.