Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin xələfinin müəyyənləşdirilməsi prosesi dalana dirənib. Səkkiz namizədin mübarizə apardığı seçkidə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında razılıq əldə olunmayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Quterreşin səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Lakin onun yerinə kimin gələcəyi hələ də məlum deyil. Mövcud vəziyyət BMT-nin 2027-ci ilə yeni baş katib olmadan daxil olması ehtimalını gündəmə gətirib.
Baş katib postu uğrunda mübarizə aparan səkkiz namizəd arasında Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi, BMT-nin Ticarət və İnkişaf Konfransının rəhbəri Rebekka Qrinspan, Türkiyənin namizədi Feridun Sinirlioğlu və digər diplomatlar var.
Noyabrın 5-də keçirilən son qeyri-rəsmi səsvermədə Qrinspan 12 dəstək və 3 etiraz səsi ilə ilk sırada qərarlaşıb. Qrossi isə 9 dəstək və 4 etiraz səsi alaraq ikinci olub.
Bununla belə, Qrinspanın İsrailin Qəzza və İordan çayının qərb sahilindəki fəaliyyətlərini tənqid etməsi ABŞ-la, Rusiyanın Qara dəniz Taxıl Təşəbbüsündən çıxmasına dair mövqeyi isə Moskva ilə fikir ayrılığı yaradıb. ABŞ və Rusiyanın BƏƏ-nin namizədi Lana Nüseybihi dəstəklədiyi, Çinin isə bu namizədə ehtiyatla yanaşdığı bildirilir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında baş katib postuna namizədin irəli sürülməsi üçün 15 üzvdən azı 9-nun dəstəyi tələb olunur. Eyni zamanda, beş daimi üzvdən – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan heç biri namizədə veto qoymamalıdır. Son qərar isə 193 üzvlü BMT Baş Assambleyası tərəfindən təsdiqlənməlidir.
Nəşrin yazdığına görə, BMT Nizamnaməsində yeni baş katibin vaxtında seçilməməsi halında hansı prosedurun tətbiq ediləcəyi dəqiq göstərilməyib. Belə vəziyyətdə Təhlükəsizlik Şurası qısa müddətə yeni namizəd müəyyənləşdirə və ya təşkilatın yüksək vəzifəli rəsmilərindən birinə müvəqqəti rəhbərlik həvalə edə bilər.


