Türk kinosunun unudulmaz aktyorlarından, "Hababam Sınıfı" filmində Mahmut Hoca obrazı ilə tanınan Münir Özkulun filmləri ilə bağlı hüquqi mübahisə yaranıb.
Demokrat.az xəbər verir ki, aktyorun qızı Şadan Güner Özkul Orhon atasının çəkildiyi filmlərin icazəsiz şəkildə televiziya kanallarına və rəqəmsal platformalara satıldığını iddia edərək Burç Film şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.
"Sabah" qəzetinin məlumatına görə, iddia ərizəsində filmlərin yayım hüquqlarının şirkətə verilmədiyi, əvvəlki müqavilələrin yalnız kinoteatrlarda nümayişi əhatə etdiyi bildirilib. Orhon rəqəmsal platformalarda, internetdə və televiziyada yayım üçün ayrıca icazə alınmalı olduğunu vurğulayıb.
Aktyorun qızı mənəvi təzminat olaraq 10 min Türkiyə lirəsi tələb edir. İstanbul Əqli və Sənaye Mülkiyyəti Hüquqları Məhkəməsi iddianı qəbul edib. İş üzrə məhkəmə iclasının yaxın günlərdə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Şadan Güner Özkul Orhon bundan əvvəl də atasının filmlərinin yayım hüquqları ilə bağlı Arzu Film, Gülşah Film və Melek Film şirkətlərinə qarşı oxşar iddialar qaldırıb.
Münir Özkul 2018-ci ilin yanvarında 92 yaşında vəfat edib. O, "Hababam Sınıfı" ilə yanaşı, "Bizim Aile" filmindəki Yaşar Usta obrazı ilə də tamaşaçıların yaddaşında qalıb.


