Bakının Binəqədi rayonunda iki nəfərin mübahisəsi bıçaqlanma ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonunun Çiçək qəsəbəsində baş verib. Ağsu rayon sakini, 1988-ci il təvəllüdlü Anar tanışı Bəylərin (adlar şərtidir – red.) yaşadığı evin qarşısına gəlib.
Orada Anar Bəylərin atası Rövşənə övladının bir gün əvvəl ona məxsus avtomobili icazəsiz idarə etməsinin səhv hərəkət olduğunu deyib. Bu zaman onların yanına gələn Bəylər qeyd olunan məsələyə görə valideynlərini narahat etməsini Anara irad bildirib.
Bəylər məsələnin öz aralarında müzakirə edilərək həll olunacağını deyib və atasından evə daxil olmasını xahiş edib. Rövşənin evə daxil olmasından sonra heç bir əsaslı səbəb olmadan Anarla Bəylər arasında qarşılıqlı dava başlayıb. Bu zaman Anar deşici-kəsici alətlə Bəylərin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Anar barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Anar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə evdə olarkən yeznəsi Aydın zəng edərək məclis olduğunu və Bəylərlə birlikdə oturduğunu deyib, onu da oturduqları kafeyə dəvət edib:
"Zərərçəkmiş Bəyləri həmyerlim olaraq təxminən hadisədən 5-6 il əvvəl tanıyıram və aramızda normal münasibət olub. Mən "Şamaxinka" adlanan yerdə yerləşən "Şəki" kafesinə yollanaraq orada Aydın və Bəylərlə birlikdə yemək yedik, spirtli içki qəbul etdik. Kafedə olarkən zarafatla dedik ki, guya mən söyüş söymüşəm. Mənim isə heç vaxt söyüş söyməklə aram olmayıb.
Bir müddət sonra evdən zəng vuraraq təcili evə gəlməyimi bildirdilər. Mən də idarə etdiyim "Chevrolet Nexia" markalı avtomobilə əyləşərək həmin şəxslərlə birlikdə yaşadığım ünvana getdim. Ünvana çatdıqdan sonra Bəylərə və Aydına bildirdim ki, 5-10 dəqiqə gözləsinlər, evə dəyib onları evlərinə aparacağam.
Təxminən 5-10 dəqiqə sonra evdən çıxarkən avtomobilimi saxladığım yerdə olmadığını gördüm. Mən oğlum Həsənlə birgə ayrı-ayrı küçələrdə avtomobilimi axtarmağa başladıq. Bir müddət sonra oğlum avtomobili yanıma gətirdi. Avtomobil 200-300 metr kənarda saxlanılmışdı".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Bəylər onların yanına gəlib və məlum olub ki, avtomobili Bəylər idarə edərək həmin yerdə saxlayıb:
"Həmin vaxt Bəyləri söymədim, sadəcə iradımı bildirdim. Biz yolda olarkən Bəylərin məndən bir qədər küsdüyünü hiss etdim, sonra Bəylər getdi.
Bundan sonra Hökməli ərazisində yerləşən ata evinə gedərkən mağazada olarkən Bəylər mənə əl yelləyərək "görüşərik, görüşərik" dedi. Bundan bir gün sonra, axşam evdə ailəmlə birlikdə olarkən yeznəm Aydın zəng edərək bildirdi ki, mən Bəyləri söymüşəm. Aydın ailəsi ilə savaşdığı üçün ona bir qədər küsmüşdüm. Aydın mənə Bəyləri söydüyümü dedikdə, mən də onu söymədiyimi bildirdim.
Sonra fikirləşdim ki, Aydın gedərək Bəyləri və atasını qızışdıracaq. Buna görə həmin gün saat 23 radələrində evdən çıxaraq avtomobillə Bəylərin yaşadığı evə getdim. Mənim oraya getməkdə məqsədim bir gün əvvəlki məsələ ilə bağlı üzr istəmək və mübahisəyə səbəb olan avtomobilin icazəsiz götürülməsi ilə bağlı Bəylərin atası ilə danışmaq olub".
Anarın sözlərinə görə, Bəylərin yaşadığı ünvana çataraq atası Rövşəni çağırıb və onunla darvazanın qarşısında dayanaraq söhbət etməyə başlayıb:
"Bəylərin atası ilə mənim atam uşaqlıq dostudur, bir yerdə böyüyüblər, həm də qohumdurlar. Aralarında heç vaxt mübahisə, münaqişə olmayıb. Rövşənlə söhbət edərkən Bəylər də həmin yerə əlində spirtli içki ilə gəldi.
Bəylər bizim yanımıza çatdıqdan sonra qolumdan tutaraq kənara çəkdi ki, aramızda olan məsələni aydınlaşdıraq. Mən Bəylərlə getmək istəmədim. Lakin o, israrla təklikdə mənimlə danışmaq istədiyini bildirirdi.
Həmin vaxt Bəylər yumruq zərbələri ilə sifətimin sol tərəfinə və baş nahiyəmə vurdu. Bəylərin atası həmin vaxt bizi araladı. Biz sakitləşdikdən sonra Rövşən həyətə keçdi, Bəylərlə ikimiz qaldıq.
Daha sonra maşınımdan atamın alma bıçağını götürərək gəldim və Bəylərə bildirdim ki, mənə əl-qol atma, əl-qol atsan, vuracağam səni, çünki məndə baş-beyin travması vardı. Hirsimdən Bəylərə avtomobilimi qaçırmasının düzgün hərəkət olmadığını bildirdim.
Bəylər yenə üzərimə gələrək mənə təpik zərbəsi endirdi. Sonra isə yerə yıxaraq üstümdə dayanıb məni vurmağa başladı. Hədsiz əsəbləşdiyimdən bıçaqla Bəylərə xəsarət yetirdiyimi xatırlamıram. Həmin vaxt Bəylərin boynundan və sinəsindən qan axdığını gördüm.
Bəyləri mənim üzərimdən atası Rövşən qaldırdı. Ayağa qalxdıqdan sonra Bəylər əli ilə boynumdan tutaraq təcili olaraq onu xəstəxanaya aparmağımı xahiş etdi. Mən də Bəyləri idarə etdiyim avtomobilə mindirərək xəstəxanaya apardım. Mən xəstəliyimlə əlaqədar Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşam".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anarın əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


