"Sovet İttifaqı dövründə ildə bir dəfə də olsa, ilin sonunda siyahıyaalma aparılırdı. Adətən bu məsələ hər il dekabrın son 10 günlüyündə olurdu".
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, qərar və təklifin müəllifi barədə dəqiq məlumatı yoxdur.
"Yəni hər bir təsərrüfat, hər bir ailənin ailədə neçə nəfər var, kənd yerində həyətyanı sahə nə qədərdir, ailəyə məxsus neçə baş xırda buynuzlu heyvanlar, neçə baş iri buynuzlu heyvanlar, o cümlədən toyuq-cücə filan, belə şeylər, yəni bu Sovet dövründə olurdu. İlin axırında siyahıyaalma aparılır, təsərrüfatların vəziyyəti dəqiqləşdirilir, əhalinin sayı, məsələn, yaşayışında, ailədə nəfərdir, ailənin nəyi var. Biz müstəqillik qazandan sonra belə bir şey olmayıb, aparılmayıb.
Rəsmi qərarın nə dərəcədə əsaslı olduğu, bu təşəbbüsün kim tərəfindən irəli sürüldüyü və yayılan məlumatların hansı mənbəyə söykəndiyi barədə dəqiq məlumata malik deyiləm. Bu məsələdə rəsmi açıqlamaların və məlumatların gözlənilməsinin daha doğru olduğunu düşünürəm.
Hər bir ailənin və kəndli təsərrüfatının inkişafı vacibdir. Kənd yerlərində yaşayan əhalinin fərdi təsərrüfatı, həyətyanı sahəsi, meyvə-tərəvəz əkini və heyvandarlıq fəaliyyəti nə qədər geniş olsa, onların maddi vəziyyəti də bir o qədər yaxşılaşar. Vətəndaşlar istehsal etdikləri məhsulları həm şəxsi ehtiyacları üçün istifadə edə, həm də artıq hissəsini bazara çıxararaq gəlir əldə edə bilərlər. Bu, eyni zamanda ərzaq bolluğunun təmin olunmasına da töhfə verər. Buna görə də fərdi təsərrüfatların fəaliyyətinə maneələr yaradılmamalı, əksinə, onların inkişafı və kənd əhalisinin rifahının yaxşılaşdırılması üçün əlverişli şərait formalaşdırılmalıdır".
Qeyd edək ki, 2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında süd və yumurta istehsalının uçotunun yeni qaydalar əsasında aparılması nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, istehsalın ümumi həcmi hesablanarkən yalnız satışa çıxarılan deyil, şəxsi istehlak və digər məqsədlər üçün istifadə olunan məhsullar da nəzərə alınacaq. Dəqiq istehsal göstəriciləri olmadıqda süd və yumurtanın miqdarının heyvan və quşların sayı, eləcə də orta məhsuldarlıq əsasında müəyyənləşdirilməsi planlaşdırılır. Sözügedən dəyişikliklərin 2027-ci il yanvarın 1-dən tətbiq olunacağı bildirilir.


