Türkiyənin tanınmış türkü ifaçısı Yavuz Bingöl səhhətində yaranan problem səbəbindən təcili xəstəxanaya yerləşdirilib. Müğənninin öd kisəsində aşkarlanan daşla əlaqədar əməliyyat olunmasına qərar verilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 59 yaşlı sənətçi İstanbulda yerləşən Başkent Universitetinin Altunizade Xəstəxanasında müalicə altına alınıb. Həkimlərin müayinəsindən sonra onun öd kisəsinin çıxarılması qərara alınıb. Əməliyyatın noyabrın 16-da gecə saatlarında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Yavuz Bingölün öd kisəsi ilə bağlı problemi ilk dəfə deyil gündəmə gəlir. O, bu ilin iyul ayında səhhətindəki narahatlığa görə Malatyada planlaşdırılan konsertini ləğv etmişdi. Həmin vaxt həkimlərin ona təyyarə ilə səyahət etməyə icazə vermədiyi bildirilmişdi.
Konsertin ləğvindən sonra sosial şəbəkədə video paylaşan müğənni ciddi narahatlığa əsas olmadığını bildirərək, yalnız öd kisəsində problem olduğunu açıqlamışdı. Sənətçi həmin vaxt iyulun sonu və ya avqustun əvvəlində əməliyyat olunmağı planlaşdırdığını da demişdi.
Lakin bir neçə ay sonra eyni sağlamlıq problemi səbəbindən onun yenidən təcili xəstəxanaya yerləşdirildiyi bildirilir. Əməliyyatın nəticəsi və sənətçinin sonrakı müalicə müddəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.




