Azərbaycanda torpaq sahəsi olan, lakin suvarma, texnika və maliyyə çatışmazlığı səbəbindən torpağını səmərəli istifadə edə bilməyən fermerlər var.
Bəs torpaqların boş qalmasının qarşısını almaq üçün hansı yeni mexanizmlər tətbiq edilməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Razi Nurullayev bildirib ki, Azərbaycanda torpaq sahəsi olduğu halda, müxtəlif səbəblərdən onu səmərəli istifadə edə bilməyən fermerlər var.
Onun sözlərinə görə, bəzilərinin suvarma imkanı yoxdur, digərlərinin kənd təsərrüfatı texnikası və əkin mövsümünü başlamaq üçün maliyyə vəsaiti çatışmır:
"Nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsi əkin dövriyyəsindən kənarda qalır. Bu məsələyə yalnız torpaqdan istifadə intizamı kimi deyil, ölkənin aqrar potensialından səmərəli istifadə məsələsi kimi yanaşmaq lazımdır. 2026–2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramında bu istiqamətdə kifayət qədər mühüm hədəflər müəyyənləşdirilib. Məsələn, 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin 130 min hektardan təxminən 300 min hektara çatdırılması, 20 min hektar ərazidə torpaqların konsolidasiyasının pilot qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu, torpaq sahələrinin daha səmərəli idarə olunması və fermerlərin istehsal imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə torpaqların konsolidasiyası məsələsini vacib hesab edirəm. Azərbaycanda torpaq sahələrinin kiçik və parçalanmış olması bir çox hallarda müasir texnikadan istifadəyə, suvarmanın təşkilinə və iri həcmli istehsala mane olur. Torpaq sahələrinin könüllülük və iqtisadi maraqlar əsasında birləşdirilməsi, torpaq bankçılığı mexanizminin yaradılması bu problemin həllinə kömək edə bilər. Digər tərəfdən, torpaq sahibi onu özü becərmək imkanına malik deyilsə, həmin sahəni başqa fermerə və ya aqrar təsərrüfata müvəqqəti istifadəyə vermək imkanları sadələşdirilməlidir. Bunun üçün elektron torpaq bankı və şəffaf icarə mexanizmi yaradılması məqsədəuyğundur.
Texnika təminatı da ayrıca diqqət tələb edir. Hər bir fermerin özünə bahalı traktor, kombayn və digər texnika alması real deyil. Rayonlarda ortaq aqrotexniki xidmət mərkəzlərinin genişləndirilməsi, texnikanın münasib qiymətlə icarəyə verilməsi kiçik və orta təsərrüfatların inkişafına ciddi dəstək ola bilər. Maliyyələşmə məsələsində də fermerin mövsümi ehtiyacları nəzərə alınmalıdır. Əkin başlamazdan əvvəl toxum, gübrə, yanacaq və digər xərclər üçün güzəştli maliyyə alətlərinə çıxış genişləndirilməlidir. Əsas prinsip ondan ibarət olmalıdır ki, torpağın boş qalmasının səbəbi araşdırılmadan torpaq sahibinə məsuliyyət yüklənməsin. Əgər fermerin suvarma, texnika və maliyyə imkanları yoxdursa, ilk növbədə ona dəstək mexanizmləri təqdim edilməlidir. Torpağı becərmək imkanı olduğu halda ondan uzun müddət istifadə etməyənlərə isə qanunvericilik çərçivəsində yanaşılmalıdır. Torpaq sadəcə mülkiyyət obyekti deyil, ölkənin ərzaq təhlükəsizliyinin, kənd yerlərində məşğulluğun və iqtisadi inkişafın əsas resurslarından biridir. Məqsədimiz torpaqları inzibati təzyiqlə deyil, iqtisadi stimullar, müasir texnologiyalar və fermerlər üçün real imkanlar yaratmaqla əkin dövriyyəsinə qaytarmaq olmalıdır".


