YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Özünü qorudu, cinayətkar oldu? — Qanun nə deyir

Özünü qorudu, cinayətkar oldu? — Qanun nə deyir

Küçədə baş verən hücum, oğurluq və zorakılıq halları zamanı insanlar bəzən özlərini qorumaq üçün qarşı tərəfə fiziki güc tətbiq etməyə məcbur qalırlar. Lakin belə vəziyyətlərdə hücum edən şəxsə xəsarət yetirilməsi, xüsusilə də hadisənin ağır yaralanma və ya ölümlə nəticələnməsi hüquqi mübahisələr yaradır. Vətəndaşların özünü müdafiə etmək hüququ olsa da, bu hüququn hansı həddə qədər qanuni sayıldığı sual doğurur.

Bəs şəxs özünü və ya yaxınlarını qoruyarkən hücum edənə ağır xəsarət yetirərsə, yaxud onu öldürərsə, cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Maraqlıdır ki, Azərbaycan qanunvericiliyi vətəndaşlara özlərini və başqalarını qorumaq hüququ verir. Lakin bu hüququn da müəyyən sərhədləri var.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 36-cı maddəsində zəruri müdafiə məsələsi əksini tapıb.

Məcəllənin 36.1-ci maddəsinə əsasən, şəxs özünün və ya başqa bir insanın həyatını, sağlamlığını və hüquqlarını ictimai təhlükəli hücumdan qoruyarkən hücum edənə zərər vurarsa və zəruri müdafiə həddini aşmazsa, onun hərəkəti cinayət sayılmır.

Qanunun 36.2-ci maddəsinə görə isə hər kəsin zəruri müdafiə hüququ var. Bu hüquq şəxsin peşəsindən, xüsusi hazırlığından və vəzifəsindən asılı deyil. Hətta insanın hücumdan yayınmaq və ya kömək üçün dövlət orqanlarına müraciət etmək imkanı olsa belə, özünü müdafiə etmək hüququ qüvvədə qalır. Cinayət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, hücumun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab olunur.

Məsələn, bir şəxs küçədə hücuma məruz qalır və özünü qorumaq üçün qarşı tərəfə zərbə endirir. Lakin hücum edən şəxs artıq təhlükə yaratmır, geri çəkilir və ya zərərsizləşdirilir. Buna baxmayaraq, müdafiə olunan şəxs onu vurmağa davam edərək ağır xəsarət yetirirsə, bu vəziyyət hüquqi qiymətləndirmə tələb edir. Yəni insanın özünü müdafiə etmək hüququ var, ancaq təhlükə aradan qalxdıqdan sonra qarşı tərəfə qəsdən zərər vurmaq artıq başqa hüquqi nəticələr yarada bilər. Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə iki ilədək islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Sağlamlığa ağır zərər vurulması da məsuliyyət yarada bilər. Məcəllənin 130.1-ci maddəsinə görə, zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma min manatdan 2 min manatadək cərimə, bir ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu məsələ də qanunvericilikdə nəzərdə tutulub. Cinayət Məcəlləsinin 37-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsin dövlət orqanlarına təhvil verilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədilə ona zərər vurulması müəyyən şərtlər daxilində cinayət sayılmır. Lakin həmin şəxsi tutmaq üçün istifadə olunan vasitə və üsullar törədilmiş əməlin təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlmirsə və ona zərurət olmadan həddindən artıq zərər vurulursa, bu, məsuliyyətə səbəb ola bilər. Beləliklə, qanunvericilik vətəndaşın özünü və başqalarını müdafiə etmək hüququnu tanıyır. Ancaq müdafiə zamanı atılan addımların hücumun xarakterinə və təhlükə dərəcəsinə uyğunluğu mühüm əhəmiyyət daşıyır. Hər bir hadisənin hüquqi qiymətləndirilməsi isə onun konkret hallarından asılıdır.