YapiKredi Müraciət Forması
Dünya Özəl

Bu ölkədə korrupsiya qalmaqalı - Prezident istefa verəcək

Bu ölkədə korrupsiya qalmaqalı - Prezident istefa verəcək

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux korrupsiya iddiaları fonunda vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, dövlət başçısı noyabrın 17-də xalqa müraciəti zamanı prezidentlik səlahiyyətlərini təhvil verməyə və barəsində aparılacaq istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xurelsuxun istefa qərarına səbəb onun 2019-cu ildə baş nazir olduğu dövrdə dəmir yolu layihəsi ilə bağlı 25 milyon dollar rüşvət almaqda ittiham edilməsidir. İddia keçmiş Ulan-Bator meri Xişgee Nyambaatar tərəfindən səsləndirilib.

Söhbət Tavantolqoy-Qashuunsuxayt dəmir yolu layihəsindən gedir. İddialara görə, layihənin icrası ilə bağlı müqavilə rəqabətli tender keçirilmədən "Bodi International" şirkətinə verilib və bunun müqabilində yüksək vəzifəli şəxslərə pul ödənilib.

Prezident ittihamları rədd edərək dövlət vəsaitini mənimsəmədiyini bildirib. O, nüfuzuna qarşı bir aydan artıqdır hücumların davam etdiyini vurğulayıb və həqiqətin üzə çıxması üçün vəzifəsini təhvil verməyə razı olduğunu deyib.

"Xalqımdan və dövlətimdən heç vaxt oğurluq etməmişəm. Prezidentlik vəzifəmi təhvil verərək adi vətəndaş olacağam", - deyə Xurelsux bildirib.

Qeyd edək ki, prezidentin istefası parlament tərəfindən qəbul edildikdən sonra rəsmiləşəcək. Həmin qəraradək onun səlahiyyətlərinə xitam verilməsi baş tutmuş hesab edilmir.