ABŞ kəşfiyyatı İranın Vaşinqtonda Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərinə qarşı "çirkli bomba" və ya kimyəvi silahlardan istifadə etməklə potensial hücum planları hazırladığına dair məlumat əldə edib. Bununla belə, hazırda Tehranın belə bir hücumu həyata keçirmək barədə qərar qəbul etdiyini göstərən heç bir əlamət yoxdur.
Bu barədə CNN ABŞ hakimiyyətindəki mənbələrinə istinadən xəbər verib.
Əgər CNN-nin məlumatına inansaq, mənbələrə görə, İranın planları yaxın vaxtlarda baş verəcək bir hücumun əlaməti kimi deyil, daha çox potensial hücum üçün əlavə imkanların yaradılması kimi qiymətləndirilir.
Bununla belə, ABŞ kəşfiyyatı tərəfindən aşkar edilmiş plan kifayət qədər konkret olub, potensial məkanlar və hədəflər barədə məlumatları özündə əks etdirir. Bu vəziyyət ABŞ rəsmilərini ehtimal olunan ssenarilərə qarşı hazırlıq görməyə sövq edib. Ağ Evin sözçüsü Loren Bis bildirib ki, ABŞ potensial təhdidləri izləyir, lakin hazırda ABŞ ərazisi üçün hər hansı təcili təhlükə yoxdur.
Eyni zamanda, ABŞ rəsmiləri bu kəşfiyyat məlumatını İranın gərginliyi artırmağa hazır olduğunun həyəcanverici əlaməti kimi qiymətləndirirlər. Bildiyimiz kimi, Tehran ABŞ-ın hərbi zərbələri və iqtisadi blokadası səbəbindən təzyiq altındadır. CNN-nin istinad etdiyi ABŞ administrasiyasının rəsmilərinin sözlərinə görə, bu vəziyyət ölkəni çox ağır fəlakətə sürükləyir.
ABŞ-da İranın ehtimal olunan planları fonunda təhlükəsizlik tədbirləri görülür
İki mənbənin telekanala verdiyi məlumata görə, ABŞ rəsmiləri ötən həftə potensial təhlükənin qarşısını almaq üçün görüləcək tədbirləri müzakirə etmək məqsədilə bir neçə görüş keçiriblər. Bu narahatlıqlar ABŞ administrasiyası üzvləri üçün nəzərdə tutulan təhlükəsizlik tədbirlərinə də təsir göstərib. Belə ki, ötən həftə ABŞ Gizli Xidməti (ABŞ prezidenti başda olmaqla, ölkənin bütün rəsmi idarələrinin və şəxslərinin təhlükəsizliyindən cavabdeh xidmət) İrandan gələn təhdidlər səbəbindən maliyyə naziri Skott Bessenti və onun ailəsini xüsusi qorunan hərbi yaşayış sahəsinə köçürüb.
Kəşfiyyat bildirir ki, İranın ABŞ-ın hazırkı və keçmiş rəsmilərinə qarşı sui-qəsd planları Trampın ilk administrasiyası dövründən bəri davam edir. Xüsusilə, 2024-cü ildə Donald Trampa qarşı sui-qəsd planı aşkar edilib. Bu cür planlar, əsasən, ABŞ rəsmilərinə xaricə səfərləri zamanı hücum etmək ehtimalına yönəlib.
Mənbələrə görə, ABŞ kəşfiyyatı həmçinin İranın ABŞ-da bomba istehsalı üçün materiallar saxladığına dair məlumatlar da əldə edib. Rəsmilər bu məlumatların etibarlılığı ilə bağlı razılığa gəlməsələr də, ümumiyyətlə, İranın ölkədə əvvəlcədən nüvə materialları və ya kimyəvi maddələr yerləşdirə biləcəyinə inanırlar. Hərbi ekspertlərin fikrincə, bu maddələr ənənəvi silahlarla birlikdə istifadə edilə bilər.
Kəşfiyyat məsələləri ilə tanış olan başqa bir mənbə isə qeyd edib ki, İranın belə bir hücumu həyata keçirmək üçün ABŞ-a təlim keçmiş əməliyyatçılar göndərməsinə ehtiyac yoxdur. Ölkədə artıq mövcud olan və lazımi komponentləri əldə edə və yerləşdirə bilən bir şəxsi bu işə cəlb etmək kifayətdir.
Xatırladırıq ki, bu sensasion xəbər ABŞ-ın üçüncü təyyarədaşıyan gəmisi Teodor Ruzveltin Yaxın Şərqə çatması xəbərindən sonra yayıldı. Bütün ssenarilər 1992-ci ildə İraqa NATO müdaxiləsinə hazırlıq prosesini xatırladır. O vaxtlar da başda CNN olmaqla bütün nüfuzlu qərb telekanalları Səddamın "çirkli bombasından", qərb dünyasına qarşı Bağdadda hazırlanan irimiqyaslı terror hücumları ehtimalının yüksək olmasından danışırdılar.
İrana qarşı həyata keçirilən iki hava əməliyyatından fərqli olaraq bu dəfə ABŞ bölgəyə daha böyük güc yığıb və Trampın 19 noyabrda Çində Putin və Si Cinpinlə görüşünün əsas müzakirə mövzusunun da məhz İrana qarşı növbəti hücum olacağı bildirilir. Bu görüşdə Trampın Ukraynanı"qurban verərək" Putindən İrana dəstəyini kəsməsinə nail olmağa cəhd edəcəyi ehtimal olunur. Bütün gedən geosiyasi proseslər hələlik bunu göstərir. İran isə yenə öz ampluasındadır və istənilən hücumu dəf etməyə hazır olduğunu, ölkəyə qarşı təhdid təşkil edən bütün nöqtələrin onların potensial hədəfinə çevriləcəyini bəyan edir.


