Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan ali təhsil müəssisələrinin təqdim olunduğu "Study in Azerbaijan" təhsil sərgisi təşkil edilir.
Demokrat.az xəbər verir ki, sərgi noyabrın 17-də "Study in Azerbaijan" layihəsinin təşkilatçılığı, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, eləcə də ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilir.
Tədbirdə Azərbaycanın bir sıra ali təhsil müəssisələri təmsil olunur. Sərgi ziyarətçilərinə universitetlərin tədris proqramları, ixtisaslar, qəbul şərtləri, təhsil haqları və təqaüd imkanları barədə ətraflı məlumat təqdim edilir.
Bununla yanaşı, iştirakçılar universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın ali təhsil imkanlarını Gürcüstanda tanıtmaq və gənclərin ölkəmizdə təhsil almağa marağını artırmaqdır.


