Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə hər hansı qərarın qəbul edilməsi çoxdan gözlənilirdi:

"Hasarlanmış sahillər problemi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq hüquq və səlahiyyətlərlə təmin edilməsi, bu sahədə vahid idarəetmənin təşkili mövcud problemlərin həlli üçün şərait yarada bilər. Beləliklə, qanunsuz hasarlamalar və ictimai sahillərə çıxışla bağlı problemlər institusional səviyyədə həll oluna bilər. Fərmanın əsas əhəmiyyəti sahilboyu torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə səlahiyyətlərin bir dövlət qurumunda cəmləşdirilməsidir. Bununla həm koordinasiya problemləri, həm də mövcud boşluqlar vahid idarəetmə mexanizmi vasitəsilə aradan qaldırıla bilər.
Vüqar Oruc əlavə edib ki, fərmanda nəzərdə tutulan coğrafi informasiya sistemləri əsasında rəqəmsal xəritələşmə prinsipi də xüsusi əhəmiyyət daşıyır:
"Bu sistem vasitəsilə sahilboyu torpaqların faktiki vəziyyətini, mülkiyyət və istifadə hüquqlarını, qanuni və qanunsuz tikililəri müəyyənləşdirmək mümkün olacaq. Eyni zamanda, məhkəmə mübahisələrinə qədər gedib çıxan ərazi mübahisələri də yeni Fərmanın müddəalarına əsasən obyektiv şəkildə həllini tapa bilər. Əsas məsələ isə prosesin həvalə olunduğu qurumun qarşıya qoyulan məqsədləri və Fərmanın mahiyyətini düzgün dərk edərək konkret addımlar atmasıdır.
Hesab edirəm ki, obyektiv fəaliyyət göstərilərsə, Xəzər sahillərini yalnız ayrı-ayrı sahibkarların və mülkiyyətçilərin iqtisadi maraqları baxımından deyil, həm də cəmiyyətin ümumi maraqları çərçivəsində təbii və rekreasiya resursu kimi qiymətləndirmək mümkün olacaq. Bu ərazilərdən istifadə zamanı ictimai maraqlar, ekoloji təhlükəsizlik və mülkiyyət hüququ arasında əlaqə və balansın yaradılması vacib məqsədlərdən biridir.
Ümumilikdə, əsas məsələ Fərmanın icrasıdır. İcraya nəzarət olunması və prosesdə obyektivliyin təmin edilməsi qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə şərait yarada, eyni zamanda, cəmiyyətdə sahillərin zəbt olunması ilə bağlı uzun müddətdir mövcud olan narazılığı aradan qaldıra bilər".


