Daşınmaz əmlak elanlarında süni intellekt vasitəsilə dəyişdirilən fotolar ev almaq istəyənləri çaşdıran yeni problemə çevrilib. "Housefishing" adlandırılan bu üsulla otaqlar olduğundan daha geniş göstərilir, mənzillərin qüsurları gizlədilir, hətta evdə mövcud olmayan memarlıq elementləri belə şəkillərə əlavə olunur.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "CHIP" nəşri yazıb.
Nəşrin BBC-yə istinadən yaydığı məlumata görə, "housefishing" anlayışı sosial şəbəkələrdə saxta kimliklərlə insanları aldatmağı ifadə edən "catfishing" terminindən götürülüb. Bu halda isə saxta profillər əvəzinə, reallığı əks etdirməyən ev fotolarından istifadə olunur.
Londonda beş yataq otağı olan ev axtaran Oliviya Nikol bu problemlə üzləşənlərdən biridir. O, "Rightmove" platformasında bəyəndiyi elana əsasən mənzilə baxış üçün vaxt təyin edib. Lakin ünvana çatdıqda qarşılaşdığı mənzərənin internetdəki fotolardan ciddi şəkildə fərqləndiyini görüb.
Otaqlar gözlədiyindən xeyli kiçik, interyer isə elandakı görüntülərdən tamam fərqli olub. Bundan başqa, fotolarda görünməyən divar çıxıntısı və olduğundan böyük təsvir edilən pəncərələr də diqqətini çəkib. Evə baxmaq üçün işindən saatlarla icazə alan Nikol süni intellektlə aldadıldığını anlayanda həm vaxtının boşa getdiyini, həm də yanlış məlumatlandırıldığını düşünüb.
Əmlak fotolarında genişbucaqlı obyektivlərdən və "Photoshop" kimi proqramlardan istifadə yeni deyil. Lakin süni intellekt bu müdaxilələri daha asan və sürətli edib. İndi təkcə işıqlandırma və rəngləri dəyişmək deyil, otaqların fiziki görünüşünü də tamamilə fərqli təqdim etmək mümkündür.
Sosial şəbəkələrdə "Housing Horrors" adlı layihə ilə tanınan Cek Buşrod son altı ayda süni intellektlə redaktə edilmiş fotoların yer aldığı əmlak elanlarının sayında nəzərəçarpacaq artım müşahidə etdiyini bildirib.
Onun sözlərinə görə, əsas problem şəkillərdə edilən dəyişikliklərin çox vaxt alıcılara açıqlanmamasıdır. Buşrod rastlaşdığı nümunələr arasında daşıyıcı sütunun silinərək yerində pəncərə təsvir edilməsini, xalılardakı ləkələrin yox edilməsini və çatlamış kafellərin qüsursuz göstərilməsini qeyd edib.
O, süni intellektin bütün tətbiqlərinə qarşı olmadığını da vurğulayıb. Məsələn, boş otağa virtual mebel yerləşdirilməsi və ya dağınıq məkanın rəqəmsal şəkildə səliqəyə salınması alıcılara evin potensialını görməkdə kömək edə bilər. Ancaq mövcud qüsurların gizlədilməsi və mənzilin real ölçülərinin dəyişdirilməsi qəbuledilməz hesab olunur.
Yaranan narazılıqlardan sonra əmlak agentliklərindən biri süni intellekt vasitəsilə hazırlanmış və ya dəyişdirilmiş bütün fotoların xüsusi qeydlə təqdim olunmasını nəzərdə tutan yeni qayda tətbiq etdiyini açıqlayıb.
Agentliyin nümayəndəsinin sözlərinə görə, süni intellektdən istifadə məqsədi satışa çıxarılan evin həqiqi xüsusiyyətlərini dəyişdirmək deyil, alıcılara fərqli dizayn və mebel yerləşdirmə imkanlarını göstərmək olmalıdır.
"Housefishing" problemi əmlak elanlarında foto redaktəsinin hansı məqamda aldatmaya çevrildiyi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə evin qüsurlarının gizlədilməsi və otaqların olduğundan böyük göstərilməsi internet üzərindən mənzil axtaranların elan fotolarına etibarını sual altına qoyur.


