İçərişəhərdə avtomobilini 6 saat saxlayan bloqer Şükran Sultanovun 33 manat parkinq haqqı ödəməsi müzakirələrə səbəb olub. Sürücünün ödədiyi məbləğ parkinq tariflərinin yüksəkliyi məsələsini yenidən gündəmə gətirib.
İçərişəhərdə parkinq qiymətləri sürücülər üçün nə dərəcədə əlçatandır? Altı saatlıq parkinq üçün 33 manat ödənilməsi normal hesab oluna bilərmi?
İçərişəhər Qoruq İdarəsinin mətbuat katibi Səfayə Quliyeva Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, İçərişəhər dövlət tərəfindən qorunan unikal tarixi-mədəni irs məkanıdır.
"Qoruq ərazisində tətbiq olunan giriş-çıxış sistemi tarixi mühitin qorunması, piyadaların təhlükəsizliyinin təmin edilməsi, sakinlərin rahatlığının artırılması və nəqliyyat axınının səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərir. Giriş-çıxış sistemi eyni zamanda İçərişəhərdə həyata keçirilən "Smart Heritage" (Ağıllı İrs) konsepsiyasının mühüm tərkib hissəsidir. Konsepsiya tarixi irsin müasir texnologiyalar vasitəsilə qorunmasını, ziyarətçi və nəqliyyat axınının ağıllı idarə edilməsini, eləcə də qoruğun dayanıqlı inkişafını hədəfləyir".
Səfayə Quliyeva əlavə edib ki, məhz bu yanaşma çərçivəsində qoruq ərazisində eyni vaxtda maksimum 300 avtomobilin olmasına icazə verilir:
"Limit şlaqbaum sistemi vasitəsilə avtomatik tənzimlənir. Müəyyən edilmiş say həddinə çatdıqda ödənişli giriş müvəqqəti dayandırılır. Avtomobillərdən biri ərazini tərk etdikdən sonra növbəti nəqliyyat vasitəsinin girişinə icazə verilir. Qeyri-rezidentlər üçün qüvvədə olan tariflər ilk 15 dəqiqə üçün 3 manat, sonrakı hər saat üçün isə 5 manat təşkil edir. Avtomatlaşdırılmış sistem tərəfindən hesablanan 6 saat 4 dəqiqəlik parklanma müddəti üzrə 33 manatlıq ödəniş də müəyyən edilmiş tariflərə uyğundur. Tariflər və giriş şərtləri barədə məlumatlar ictimaiyyətə əvvəlcədən təqdim edilir və giriş məntəqələrində əks olunur. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi irsin qorunması ilə şəhər həyatının tələbləri arasında balansın təmin edilməsini əsas prioritetlərindən biri hesab edir və bu istiqamətdə müasir, ağıllı idarəetmə həllərini tətbiq etməyə davam edir".


