Gəncə şəhərində keçirilən "Mənəvi dəyərlər" həftəsi çərçivəsində noyabrın 17-də Gəncə Dövlət Universitetində "Mənəvi dəyərlər" günü təşkil olunub.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlət bayrağına həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Azərbaycanın zəngin tarixi-mədəni irsindən, tolerantlıq ənənələrindən və ölkəmizdə müxtəlif xalqlar arasında formalaşmış dostluq münasibətlərindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycanda müxtəlif dillərin, dinlərin və mədəniyyətlərin yaşadılması, qorunması, eləcə də sərbəst inkişafı üçün əlverişli şərait yaradılıb. Qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış prinsipləri cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, ölkəmizdə dinlər və məzhəblər arasındakı qarşılıqlı anlaşma mühitinin alternativi yoxdur.
Yusif Yusibov dini, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ibadətgahların dövlət tərəfindən qorunduğunu və bərpa edildiyini diqqətə çatdırıb. O, Bakıda yerləşən erməni kilsəsinin qorunub saxlanılmasını və burada erməni dilində 5 mindən çox kitabın mühafizə edilməsini ölkəmizdə hökm sürən tolerantlıq mühitinin bariz nümunəsi kimi dəyərləndirib. Rektor, həmçinin 44 günlük Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəyliyin milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun gücünü bir daha təsdiqlədiyini qeyd edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi və mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib. O xatırladıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasət çərçivəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm layihələr reallaşdırılır.
İcra başçısı gənclərin müasir bilik və bacarıqlara yiyələnməklə yanaşı, milli kimliyinə və mədəni irsinə dərindən bələd olmasının vacibliyinə toxunub. Bu prosesdə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Niyazi Bayramov "Mənəvi dəyərlər" gününün tələbələrin maarifləndirilməsi və vətənpərvərlik ruhunda formalaşması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycan Bayrağının üç rənginin xalqımızın milli kimliyini, dövlətçilik iradəsini və mənəvi dünyasını əks etdirdiyini bildirib. Ramin Məmmədov vurğulayıb ki, bayraqdakı mavi rəng milli kimliyimizi, tarixi yaddaşımızı, azərbaycançılıq ideologiyasını, qırmızı rəng müasirliyi, elmi-intellektual inkişafı, yaşıl rəng isə mənəvi irsimizi, tolerantlıq və humanizm ənənələrimizi təcəssüm etdirir.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında milli-mənəvi dəyərlərin qorunmasının xüsusi yer tutduğunu, bu gün isə həmin xəttin Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi ilə vəhdət halında davam etdirildiyini qeyd edib. Ramin Məmmədov əlavə edib ki, müasir dövrdə milli köklərə bağlılığın elmi tərəqqi ilə uzlaşdırılması əsas şərtdir. O, "Mənəvi dəyərlər" həftəsinin gənclərdə vətəndaş məsuliyyətinin və mədəni müxtəlifliyə hörmətin gücləndirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Gəncənin Azərbaycanın mənəvi həyatındakı müstəsna rolundan bəhs edib. "Mənəvi dəyərlər həftəsi" layihəsinin əsas məqsədinə toxunan Aqil Şirinov bildirib ki, bu cür tədbirlər gənclərin bir-birini yaxından tanımasına, ölkənin zəngin tarixi məkanlarını kəşf etməsinə və milli-mənəvi dəyərlərə sahib çıxmasına xidmət edir. Rektor əlavə edib ki, rəqəmsallaşan və qloballaşan müasir dünyada birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır və Azərbaycan xalqı hər zaman bu zəngin irsi qorumaqla fəxr edir.
Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilir.



