Azərbaycanda toy mərasimlərinin təşkili artıq ciddi xərc tələb edir. Restoran, fotoqraf, videoçəkiliş, bəy-gəlin geyimləri, dekorasiya və digər xidmətlər toy büdcəsini artıran əsas amillərdəndir. Son dövrlər isə toy təşkilatçılarının xidmətlərindən istifadə də populyarlaşır.
Bəs bu xidmət nə dərəcədə zəruridir və gənclərə hansı üstünlükləri verir?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, toy xərclərinin həddindən artıq şişirdilməsi dövrümüzün sosial problemlərindən biridir. İnsanlar çox vaxt lazımsız məsələlərə ehtiyacdan artıq vəsait xərcləyirlər.

Onun sözlərinə görə, gənclər toy üçün nəzərdə tutduqları vəsaiti ipoteka krediti vasitəsilə mənzil almağa, faydalı biznesə başlamağa və ya daha səmərəli işlərə yönəldə bilərlər:
"İnsanlar çox vaxt lazımsız məsələlərə ehtiyacdan artıq vəsait xərcləyirlər. Texnologiyanın inkişaf etdiyi indiki şəraitdə 500 manat olmasa belə, 1000-2000 manatla bu xərclərin hamısını qarşılamaq mümkündür. Toyun dəbdəbəli olması və bir anlıq həzz naminə həddindən artıq böyük məbləğ ayırmaq gənclərin iqtisadi maraqlarına və inkişaf hədəflərinə uyğun deyil. Bu vəsaiti gələcək inkişaf, karyera, planlar, yeni texnologiyaları mənimsəmək, iş və fəaliyyət hədəflərini dəqiqləşdirmək üçün xərcləmək olar. Dəbdəbə yarışı, təbii ki, müəyyən çevrədə və məhdud dairədə mövcuddur. Digər insanlar da ictimai rəyin təsirinə düşərək bu yarışın arxasınca getməyə çalışırlar. Hər kəs toyunun bahalı, dəbdəbəli və gözəgörünən olmasını istəyir. Bu, müəyyən mənada, qonaqlardan daha yüksək məbləğdə nəmər gözləmək, eyni zamanda, özünü təsdiq etmək və cəmiyyətdə mövqeyini nümayiş etdirmək forması kimi də başa düşülə bilər. Hər bir halda toy xərcləri kifayət qədər artıb. Hazırda toy mərasiminə çəkilən xərclər 20 min manatdan az deyil. Bəzi hallarda isə 100-200 min, hətta milyonlarla manat xərcləyərək toy edənlər də var. Lakin bahalı toy mərasimi evliliyin uzunömürlü olacağına, cütlüyün xoşbəxt yaşayacağına zəmanət vermir. Bəzən böyük xərc çəkən cütlüklərin ailə münasibətləri daha tez böhran həddinə çatır. Çünki toy mərasimindən sonra həyatın ikinci mərhələsi başlayır və cütlüklər real problemlərlə üzləşirlər. Bu zaman məlum olur ki, həmin xərclərin yaratdığı maliyyə yükünü davamlı şəkildə qarşılamaq mümkün deyil. Bəziləri kredit götürərək, borca girərək bu xərcləri reallaşdırmağa çalışır və toyda verilən nəmər və hədiyyələrlə borclarını ödəyəcəklərini düşünürlər. Lakin gözləntilər doğrulmadıqda məyusluq yaşayırlar. Lazımından artıq çəkilən hər bir xərc israfdır. Bu baxımdan toyların sayının artması ilə restoran sektorunda da müəyyən rəqabət yaranır. Restoranlar insanları cəlb etmək üçün qiymətləri artırmağa, dəbdəbəli, eksklüziv və kreativ təkliflər irəli sürməyə məcbur olurlar. Bu prosesdən faydalananlar, gəlir əldə edənlər çoxdur, lakin bunların sırasında heç də həmişə toy sahibləri olmur.
Bu səbəbdən dəb arxasınca qaçmaq, iki-üç saatlıq, hətta on saatlıq təntənə naminə minlərlə, milyonlarla manat xərcləmək məqsədəuyğun deyil. Maddi imkanı çatan şəxs, əlbəttə, bunu edə bilər. Ancaq həmin vəsaitin əhəmiyyətli bir hissəsini sosial dəstəyə, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsinə və şəxsi inkişafına yönəltmək daha faydalı olardı. İnsan çalışmalıdır ki, mövcud vəsaitini məqsədyönlü şəkildə istifadə etsin, biznes, fəaliyyət, işgüzar və şəxsi həyat imkanlarını genişləndirsin. Şəxsi rifahı ilə işgüzar inkişafı arasında optimal tarazlıq yarada bilsin. Əks halda, insan bütün vəsaitini dəbdəbə naminə xərclədikdə iqtisadi gərginlik və çətinliklərlə üzləşir. Bəzən gündəlik çörək almağa belə pulu çatmır. Belə hallarda çəkilən xərclərə görə peşmançılıq hissi də yaranır. Bu, insanların təxminən 40 faizinin qarşılaşdığı bir prosesdir. İnsanlar çox vaxt sahib olduqlarının qədrini bilmədən bütün vəsaitlərini xərcləməyə meyilli olurlar. Digər tərəfdən, qənaət etmək, hətta bəzən həddindən artıq qənaətə yol vermək də müşahidə olunur. Əslində qənaət müəyyən norma çərçivəsində olmalıdır. İnsanın maddi imkanları ilə qənaət səviyyəsi bir-birinə uyğun gəlməlidir. İnsan lazım olduqda xərcləməyi, lazım olduqda isə qənaət etməyi bacarmalıdır. Bu baxımdan toy mərasimləri çərçivəsində ayrılan vəsaitin bir hissəsinin xeyriyyəçilik məqsədilə, ehtiyacı olan insanlara yardım üçün istifadə edilməsi daha faydalı olardı. Hər kəs öz vəsaitini necə xərcləməkdə sərbəstdir. Lakin həddindən artıq təmtəraq və dəbdəbə insanları iflasa, müflisliyə aparırsa, bu, qətiyyən məqsədəuyğun deyil".



