"Ölkəmizdə turizm sektorunun inkişafı dövlətin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı 2026–2030-cu illəri əhatə edən turizmin inkişafına dair Dövlət Proqramı da bu sahəyə xüsusi diqqət ayrıldığını göstərir. Proqramda turizm infrastrukturunun genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, bölgələrin turizm potensialından daha səmərəli istifadə olunması və ölkəyə gələn turistlərin sayının artırılması kimi mühüm məsələlər öz əksini tapıb. Bu da Azərbaycanda turizmin inkişafı üçün dövlət səviyyəsində əlverişli şərait yaradıldığını göstərir".
Bu fikirləri Demokrat.az-a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri, deputat Göydəniz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda həm yay, həm də qış turizminin inkişafı üçün geniş imkanlar mövcuddur:
"Xüsusilə qış turizmi baxımından ölkəmizin potensialı kifayət qədər böyükdür. Bir sıra bölgələrdə xizək kompleksləri fəaliyyət göstərir və bu məkanlar təkcə yerli turistlərin deyil, xarici qonaqların da marağına səbəb olur. Hər il xizək sürmək, qış istirahətindən yararlanmaq və Azərbaycanın təbiətini görmək məqsədilə ölkəmizə gələn turistlər var. Bu, qış turizminə marağın artdığını və Azərbaycanın beynəlxalq turizm bazarında bu istiqamətdə öz mövqeyini gücləndirmək imkanına malik olduğunu göstərir. Hesab edirəm ki, qarşıdakı illərdə bu tendensiya daha da genişlənəcək, bölgələrimizə üz tutan xarici turistlərin sayı artacaq.
Bununla yanaşı, turizmin inkişafında qiymət məsələsi də mühüm əhəmiyyət daşıyır. Turistlərin seçimində xidmətin keyfiyyəti ilə yanaşı, qiymətlərin əlçatan olması da əsas amillərdəndir. Bu baxımdan yerli sahibkarların turizm sektoruna daha çox investisiya yatırması məqsədəuyğundur. Yeni otellərin, restoranların, istirahət mərkəzlərinin, əyləncə obyektlərinin və digər turizm müəssisələrinin yaradılması bazarda təklif imkanlarını genişləndirə bilər. Obyektlərin sayı artdıqca sahibkarlar arasında rəqabət güclənəcək. Rəqabət isə həm qiymətlərin bazar şərtlərinə uyğun formalaşmasına, həm də xidmət keyfiyyətinin yüksəlməsinə təkan verəcək.
Burada əsas məqamlardan biri də turizm obyektlərinin yalnız sayının deyil, xidmət səviyyəsinin də artırılmasıdır. Çünki turist ölkəyə gəldikdə onun qarşılaşdığı xidmət, qiymət-keyfiyyət münasibəti, nəqliyyat imkanları, yerləşmə şəraiti və istirahət üçün yaradılan imkanlar ümumi təəssüratına təsir göstərir. Bu baxımdan sahibkarlar yeni obyektlər açmaqla yanaşı, mövcud müəssisələrin də xidmət səviyyəsini yüksəltməyə çalışmalıdırlar. Turizm sektorunda davamlı rəqabətin formalaşması həm yerli, həm də xarici turistlər üçün daha geniş seçim imkanları yarada bilər.
Yerli sahibkarlar yeni turizm obyektlərinin yaradılmasında daha fəal iştirak etməlidirlər. Turizm həm maraqlı, həm də böyük iqtisadi potensiala malik sahədir. Bu istiqamətdə dövlət dəstəyinin olması sahibkarlar üçün əlavə imkanlar yaradır. Xüsusilə bölgələrdə turizm infrastrukturuna yatırılan investisiyalar təkcə turizm sektorunun deyil, digər sahələrin də inkişafına müsbət təsir göstərə bilər. Yeni obyektlərin açılması əlavə iş yerlərinin yaradılmasına, yerli əhalinin məşğulluğunun artmasına, kənd və rayonlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə şərait yarada bilər.
Eyni zamanda, turizmin inkişafı bölgələrdə istehsal olunan yerli məhsulların satış imkanlarını da genişləndirə bilər. Restoranlar, hotellər və istirahət mərkəzləri yerli fermerlərdən, istehsalçılardan və xidmət göstərən sahibkarlardan daha çox məhsul və xidmət əldə edə bilərlər. Bu isə turizmin iqtisadi təsirinin yalnız mehmanxana və restoranlarla məhdudlaşmadığını göstərir.
Qarşıdakı illərdə Azərbaycana gələn turistlərin sayında artım gözlənildiyindən yerli sahibkarların indidən bu sahəyə sərmayə yönəltməsi vacibdir. Bunun üçün bölgələrin turizm xüsusiyyətləri nəzərə alınmalı, hər ərazinin potensialına uyğun layihələr həyata keçirilməlidir.
Düşünürəm ki, sahibkarlar bu sahəyə investisiya yatırmaqla həm öz fəaliyyətlərini genişləndirə, həm də ölkəmizdə turizmin inkişafına töhfə verə bilərlər".


