YapiKredi Müraciət Forması
Mazda CX-5
Texnologiya Özəl

Efirlərdə süni səslər: Mahnıları artıq robotlar oxuyur — Açıqlama

Efirlərdə süni səslər: Mahnıları artıq robotlar oxuyur — Açıqlama

Son dövrlər avtomobil radiolarında Azərbaycan mahnılarının süni intellekt vasitəsilə yaradılmış ifalarına rast gəlinir. Tanınmış mahnıların süni intellekt tərəfindən fərqli səslərlə və ifa üslubunda təqdim edilməsi diqqət çəkir. Artıq dinləyicilər bəzi hallarda radioda eşitdikləri mahnının canlı ifaçıya, yoxsa süni intellektə aid olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Bu yenilik musiqi sahəsində texnologiyanın imkanlarını göstərsə də, bir sıra suallar doğurur. Süni intellektin Azərbaycan mahnılarını ifa etməsi musiqimizin tanıdılması üçün yeni fürsətdirmi, yoxsa canlı sənətkarların əməyinə və ifaçılıq sənətinə təhlükə yaradır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, Azərbaycan mahnılarının süni intellekt vasitəsilə ifa olunması həm maraqlı texnoloji yenilikdir, həm də musiqimizin və dünya musiqisinin gələcəyi baxımından düşündürücü məsələdir.

Efirlərdə süni səslər: Mahnıları artıq robotlar oxuyur — Açıqlama

Onun sözlərinə görə, süni intellekt köhnə mahnılarımıza yeni nəfəs verə, unudulmuş əsərləri yenidən gündəmə gətirə və Azərbaycan musiqisini gənc nəslə fərqli formada təqdim edə bilər:

"Bu, texnologiyanın yaratdığı yeni imkandır və ondan imtina etmək düzgün olmaz. Amma burada çox mühüm bir məqam var. Süni intellekt səsi təqlid edə bilər, lakin sənətkarın yaşadığı hissləri, həyat təcrübəsini və yaradıcılıq dünyasını eyni şəkildə əvəz edə bilməz. Xüsusilə Azərbaycan musiqisində sözün mənası, ifanın duyğusu, muğamın incəliyi və sənətkarın fərdi üslubu böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, müəllif hüquqları və sənətkarların səslərindən icazəsiz istifadə məsələsi də diqqətdən kənarda qalmamalıdır. Dinləyici bilməlidir ki, eşitdiyi mahnını həqiqi sənətkar ifa edir, yoxsa onun səsi süni intellekt vasitəsilə yaradılıb. Süni intellekt Azərbaycan musiqisini zənginləşdirən vasitə ola bilər, Azərbaycan sənətkarını əvəz edən qüvvəyə çevrilməməlidir. Burada daha böyük bir sual da ortaya çıxır. Gələcəkdə insanlar mahnını kimin oxuduğuna görə qiymətləndirəcəklər, yoxsa eşitdikləri səsin və ifanın onlarda yaratdığı hissə görə? Məhz bu sual yaxın illərdə musiqi sənayesinin ən ciddi müzakirə mövzularından birinə çevrilə bilər".

Mövzu ilə bağlı saytımıza açıqlama verən Bakı Dövlət Universitetinin (BDU) Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli isə bildirib ki, o, baş verənlərə təəccüblənmir.

Efirlərdə süni səslər: Mahnıları artıq robotlar oxuyur — Açıqlama

Onun sözlərinə görə, süni intellekt artıq həyatımıza və gündəlik məişətimizə sürətlə inteqrasiya olunur:

"Bu proses mediada da özünü aydın şəkildə göstərir. Məsələn, bəzi telekanallarda hava proqnozlarını süni intellekt səsləndirir, radiolarda yayımlanan xəbərlərin təxminən 10-15 faizi artıq bu texnologiyanın vasitəsilə oxunur. İndi isə görürük ki, süni intellekt musiqi sahəsində də fəal şəkildə istifadə olunmağa başlayıb.

Əslində, bu, texnologiyanın inkişafının və həyatımızın müxtəlif sahələrinə nüfuz etməsinin təbii nəticəsidir. Düşünürəm ki, burada diqqət yetirilməli əsas məqam şəffaflığın qorunmasıdır. Radio və televiziya kanalları, eləcə də digər media qurumları hansısa materialın və ya mahnının süni intellekt vasitəsilə hazırlandığını mütləq şəkildə dinləyiciyə və tamaşaçıya bildirməlidirlər. İnsanlar təqdim olunan məhsulun necə ərsəyə gəldiyini bilməlidirlər.

Biz bu dəyişikliklərə hazır olmalı, texnologiyanın inkişafını nəzərə almalı və süni intellektin həyatımıza daxil olmasını normal qəbul etməliyik. Çünki bu proses artıq başlayıb və qarşısını almaqdan daha çox, ondan düzgün, şəffaf və məqsədyönlü istifadə etməyi öyrənmək lazımdır".