Səhər yeməyində həm suda bişirilmiş yumurta, həm də qayğanaq qidalandırıcı seçim hesab olunur. Lakin dietoloqların fikrincə, onların sağlamlığa təsiri hazırlanma üsulundan, bişirilmə müddətindən və istifadə olunan əlavə ərzaqlardan asılıdır.
Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" nəşri araşdırmalara istinadən məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, bərk bişirilmiş yumurta daha sağlam seçim hesab oluna bilər. Bunun əsas səbəbi onun hazırlanması zamanı əlavə yağdan istifadə edilməməsi və nəticədə kaloriliyinin daha aşağı olmasıdır.
Qayğanaq isə adətən kərə yağı, qaymaq və ya bitki yağı ilə hazırlanır. Bu da yeməyin kalorisini və doymuş yağların miqdarını artırır. Araşdırmalara görə, bu amil xüsusilə arıqlamaq və ürək sağlamlığını qorumaq istəyənlər üçün nəzərə alınmalıdır.
Bununla belə, dietoloqlar qayğanağı da daha sağlam hazırlamağın mümkün olduğunu bildirirlər. Bunun üçün kərə yağı əvəzinə zeytun, avokado və ya raps yağından istifadə etmək tövsiyə olunur. Yeməyə ispanaq, göbələk, pomidor, bolqar bibəri və soğan əlavə edilməsi də faydalıdır. Bu tərəvəzlər yeməyi lif, vitamin, mineral və antioksidantlarla zənginləşdirir.
Mütəxəssislər yağın miqdarını azaltmaq üçün yapışmayan örtüklü tavalardan istifadə etməyi də məsləhət görürlər.
Qeyd olunur ki, qida dəyəri baxımından qaynadılmış yumurta ilə qayğanaq arasında ciddi fərq yoxdur. Hər iki yemək yüksək keyfiyyətli zülal, A, D, E və B12 vitaminləri, xolin, riboflavin və fol turşusu ilə zəngindir. Qayğanaq əlavə yağsız hazırlandıqda onun qida dəyəri qaynadılmış yumurtaya demək olar ki, bərabər olur.
Bununla belə, bəzi qida maddələrinin qorunması baxımından qaynadılmış yumurtanın kiçik üstünlüyü var. Araşdırmalara əsasən, yumurta qaynadılarkən lutein və zeaksantin kimi antioksidantlar qızartma üsulu ilə hazırlanmasına nisbətən daha yaxşı qorunur.
Beləliklə, daha az kalorili seçim axtaranlar üçün qaynadılmış yumurta, tərəvəzlə zəngin və az yağlı səhər yeməyi istəyənlər üçün isə düzgün hazırlanmış qayğanaq münasib variantdır.



