Qidaların soyuducuda düzgün temperaturda saxlanılması onların təzəliyinin qorunması ilə yanaşı, sağlamlıq üçün təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq baxımından da vacibdir. Mütəxəssislər soyuducu və dondurucu kameralarında temperatur rejiminə diqqət yetirməyi tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA) məlumatına əsasən, soyuducunun əsas kamerasında temperatur 4 dərəcədən yüksək olmamalıdır. Süd məhsulları, ət, balıq və hazır yeməklərin saxlanılması üçün isə 3-4 dərəcə optimal hesab edilir.
Mütəxəssislər bildirirlər ki, həddindən artıq aşağı temperatur da bəzi meyvə və tərəvəzlərin dadına, eləcə də quruluşuna mənfi təsir göstərə bilər. Buna görə soyuducunun orta rəfinə xüsusi termometr yerləşdirmək və temperaturu mütəmadi yoxlamaq məsləhət görülür. Kameranı həddindən artıq doldurmaq da düzgün deyil, çünki bu, soyuq havanın sərbəst dövranına mane olur.
Dondurucuda temperatur neçə olmalıdır?
Dondurucu kamera üçün tövsiyə edilən temperatur mənfi 18 dərəcədir. Bu şəraitdə bakteriyaların fəaliyyəti dayanır, lakin onlar tamamilə məhv olmur. Məhsullar əridildikdən sonra mikroorqanizmlər yenidən aktivləşə bildiyi üçün qidaların düzgün bişirilməsi vacibdir.
Dondurucuda daim mənfi 24 dərəcə temperatur saxlamaq isə əlavə elektrik enerjisi sərfiyyatına səbəb olur. Sürətli dondurma funksiyasından yalnız çoxlu miqdarda təzə məhsul yerləşdirildikdə müvəqqəti istifadə etmək tövsiyə olunur.
Məhsulları soyuducuda necə yerləşdirmək lazımdır?
Qidaların bir-birinə təmasından yarana biləcək çirklənmənin qarşısını almaq üçün onların soyuducuda düzgün yerləşdirilməsi də əhəmiyyətlidir.
Yuxarı rəflərdə hazır yeməklər, kolbasa və bişirilmədən yeyilən digər məhsullar qapalı qablarda saxlanılmalıdır. Orta rəflər süd, qatıq, xama, yumurta və pendir üçün daha münasibdir.
Çiy ət və balığın aşağı rəfdə, mütləq şəkildə kip bağlanan qablarda saxlanılması məsləhət görülür. Bu, onların suyunun digər məhsullara axmasının qarşısını alır. Meyvə və tərəvəzlər isə xüsusi aşağı siyirmələrdə yerləşdirilməlidir.
Soyuducunun qapısında temperatur tez-tez dəyişdiyindən burada süd və yumurta saxlamaq məsləhət görülmür. Əvəzində ketçup, xardal, turşu və bəzi souslar qablaşdırmanın üzərindəki göstərişlərə uyğun olaraq həmin hissədə yerləşdirilə bilər.
Qidaların daha uzun müddət təzə qalması üçün nə etmək lazımdır?
Mütəxəssislər bişmiş və tez xarab olan yeməklərin hazırlanmasından sonra iki saat ərzində soyuducuya qoyulmasını tövsiyə edirlər. Havanın temperaturu 32 dərəcədən yüksək olduqda isə bu müddət bir saata qədər azaldılmalıdır.
İsti yeməkləri böyük qazan əvəzinə bir neçə kiçik qaba bölmək onların daha tez soyumasına kömək edir. Bundan başqa, soyuducunun qapısını lazımsız yerə açıq saxlamaqdan çəkinmək, qapı rezinlərinin vəziyyətini mütəmadi yoxlamaq lazımdır.
Mütəxəssislərin fikrincə, bu sadə qaydalara əməl etmək həm qida məhsullarının saxlanma müddətini uzadır, həm də onların təhlükəsizliyini təmin etməyə kömək edir.



