YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Yumurta, yoxsa yulaf əzməsi? - Diyetoloqlar ən faydalı səhər yeməyini açıqladı

Yumurta, yoxsa yulaf əzməsi? - Diyetoloqlar ən faydalı səhər yeməyini açıqladı

Səhər yeməyində yumurta və yulaf əzməsi ən çox tövsiyə olunan qidalar sırasındadır. Hər ikisi asan hazırlanır və orqanizm üçün faydalı maddələrlə zəngindir. Lakin diyetoloqların fikrincə, bu iki məhsulun sağlamlığa təsiri fərqlidir və seçim insanın qidalanma ehtiyaclarından asılıdır.

Demokrat.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri dietoloqların rəylərinə istinadən yazıb.

Diyetoloq Elizabet Klinqbayl bildirib ki, yumurta zülalla zəngin olsa da, tərkibində lif yoxdur. Yulaf əzməsi isə əksinə, yaxşı lif mənbəyidir, lakin yumurta ilə müqayisədə daha az zülal ehtiva edir. Buna görə də hər iki məhsul balanslı qidalanmada öz yerini tuta bilər.

Xolesterinə təsirləri fərqlidir

Diyetoloq Lindsi Malounun sözlərinə görə, yulaf əzməsi qanda aşağı sıxlıqlı lipoproteinlərin (LDL), yəni pis xolesterinin səviyyəsini azaltmağa kömək edə bilər. Bu təsir məhsulun tərkibindəki beta-qlükan adlı həll olunan liflə bağlıdır.

Yumurta isə əsasən doymamış yağlardan ibarət yağlar və zülal ehtiva edir. Rasionda doymuş yağların doymamış yağlarla əvəzlənməsi də xolesterinin azalmasına müsbət təsir göstərə bilər.

Bununla belə, yumurtanın sarısında müəyyən miqdarda doymuş yağ var. Xolesterin səviyyəsini azaltmağa çalışan və ya ailəsində ürək xəstəlikləri riski olan şəxslərə yumurtanın sarısını daha az, ağını isə daha çox istehlak etmək tövsiyə olunur.

İki böyük yumurtada təxminən 12 qram, yarım stəkan quru yulaf əzməsində isə 5 qram zülal var. Yumurtadakı zülal və yağ toxluq hissini artırır. Yulafın tərkibindəki lif də insanın nahara qədər daha uzun müddət tox qalmasına kömək edir.

Bağırsaq sağlamlığı üçün yulaf üstündür

Diyetoloqlar bağırsaqların fəaliyyəti baxımından yulaf əzməsinin yumurtadan üstün olduğunu bildirirlər. Onun tərkibindəki həll olunan lif faydalı bağırsaq bakteriyalarını qidalandırır. Həll olunmayan lif isə nəcisin həcmini artıraraq bağırsaqların müntəzəm işləməsinə kömək edir.

Qan şəkərinə necə təsir edir?

Yumurta karbohidrat baxımından kasad olduğundan qanda şəkərin səviyyəsinə çox az təsir göstərir. Yulaf əzməsi isə xüsusilə şəkər əlavə edilərək hazırlandıqda qanda qlükozanın artmasına səbəb ola bilər.

Bununla belə, yulafın tərkibindəki lif şəkərin qana daha yavaş keçməsinə kömək edərək bu artımı müəyyən qədər yumşaldır.

Hər ikisini eyni səhər yeməyində yemək mümkündür

Diyetoloqlar yumurtanın faydasını artırmaq üçün onu ispanaq, brokoli və digər tərəvəzlərlə birlikdə hazırlamağı məsləhət görürlər. Yeməyi tam taxıllı çörək və meyvə ilə də tamamlamaq olar.

Yulaf əzməsinin zülal dəyərini artırmaq üçün onu süddə bişirmək və ya üzərinə yunan yoqurtu əlavə etmək mümkündür.

Mütəxəssislər hətta yumurta və yulafı birləşdirməyi də tövsiyə edirlər. Məsələn, bişmənin son mərhələsində yulaf əzməsinə çalınmış yumurta ağı əlavə edib tam bişənədək qarışdırmaq olar. Bu üsul yeməyin zülal miqdarını artırır və ona daha yüngül tekstura verir.

Beləliklə, diyetoloqların qənaətinə görə, yumurta zülal və toxluq hissi, yulaf əzməsi isə lif və bağırsaq sağlamlığı baxımından üstünlüklərə malikdir. Ən yaxşı seçim isə bu məhsulları insanın fərdi qidalanma ehtiyaclarına uyğun şəkildə rasiona daxil etməkdir.