Düyünün bişdikdən sonra bir-birinə yapışmaması və dənəvər qalması üçün mütləq kərə və ya bitki yağı əlavə etmək lazım deyil. Mətbəxdə istifadə olunan sadə bir inqrediyent bu problemi həll etməyə kömək edə bilər.
Demokrat.az xəbər verir ki, "Ofeminin" nəşri düyünün dənəvər alınması üçün limon şirəsindən istifadə etməyi tövsiyə edir.
Bu üsul düyüyə yüngül turşməzə dad və xoş ətir verməklə yanaşı, bişirmə zamanı dənələrin bir-birinə yapışmasının qarşısını almağa kömək edir.
Dənəvər düyü necə hazırlanır?
Bir stəkan uzun düyü üçün iki stəkan su, iki xörək qaşığı limon şirəsi və bir qədər duz lazımdır. İstəyə görə yeməyə dəfnə yarpağı və ya az miqdarda qara istiot da əlavə etmək olar.
İlk növbədə düyü soyuq su ilə bir neçə dəfə yuyulmalıdır. Su şəffaflaşana qədər davam etdirilən bu proses artıq nişastanın bir hissəsinin təmizlənməsinə kömək edir.
Daha sonra düyü qalın dibli qazana tökülür, üzərinə isti su, duz və limon şirəsi əlavə edilir. Qarışıq qaynamağa başladıqdan sonra ocağın temperaturu minimuma endirilir və qazanın qapağı bağlanır.
Düyü növündən və qablaşdırmanın üzərindəki təlimatdan asılı olaraq 12-18 dəqiqə bişirilməlidir. Bu müddətdə qazanın qapağını açmaq və düyünü qarışdırmaq məsləhət görülmür.
Su tam çəkildikdən sonra qazan ocaqdan götürülür və düyü qapağı bağlı vəziyyətdə daha 10 dəqiqə saxlanılır. Sonda dənələri çəngəllə yüngülcə qarışdırmaq kifayətdir. Daha kəskin limon ətri üçün bir qədər limon qabığı rəndəsi də əlavə edilə bilər.
Hansı düyü növü daha uyğundur?
Bu üsul üçün basmati və parboiled (buxarda emal edilmiş) kimi uzun dənəli düyü növləri daha münasib hesab olunur. Belə düyülər bişdikdən sonra formasını qoruyur və dənəvər qalır.
Dairəvi düyü isə daha çox nişasta ehtiva etdiyindən bişmə zamanı yapışqanlaşmağa meyillidir. Bu növ düyüdən sıyıq, desert və müxtəlif soba yeməklərinin hazırlanmasında istifadə etmək daha məqsədəuyğundur.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri də suyun miqdarını düzgün müəyyənləşdirməkdir. Həddindən artıq su əlavə edilməsi hətta keyfiyyətli düyünün belə yapışqan kütləyə çevrilməsinə səbəb ola bilər.
Limon şirəsi ilə hazırlanan dənəvər düyü balıq, toyuq, sobada bişmiş tərəvəzlər və dəniz məhsulları ilə yaxşı uyğunlaşır.



