Polşa Prezidenti Karol Navrotskinin ABŞ lideri Donald Trampa kəhrəba ilə zəngin şəkildə bəzədilmiş xüsusi kreslo hədiyyə etdiyi üzə çıxıb.
Demokrat.az xəbər verir ki, bu barədə Polşanın TVN24 telekanalı sensasion məlumat yayıb.
Məlumata görə, Navrotski 2026-cı ilin iyununda ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illiyi və Trampın 80 illik yubileyi münasibətilə Vaşinqtona səfəri zamanı ona iki hədiyyə təqdim edib. Rəsmi olaraq hədiyyələrdən birinin Vaşinqtonda inşa edilməsi planlaşdırılan zəfər tağı üçün mərmər lövhə olduğu açıqlansa da, ikinci hədiyyə bu günədək sirr pərdəsi arxasında qalıb.
TVN24-ün əldə etdiyi məlumata əsasən, söhbət kəhrəba işləmələri ilə zəngin şəkildə bəzədilmiş kreslodan gedir. Onun müəllifi polşalı sənətkar Luçyan Mırtadır. Diqqət çəkən məqam odur ki, kreslo əvvəlki prezident Andjey Dudanın sifarişi ilə hazırlanıb və elə həmin vaxtdan Trampa hədiyyə edilməsi nəzərdə tutulub. Lakin o dövrdə hədiyyə təqdim oluna bilməyib.
Polşa Prezidentinin Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç da hədiyyənin böyük təəssürat yaratdığını bildirib.
Diqqətəlayiq haldır ki, Polşa Prezidentinin Aparatı hədiyyə barədə məlumatı hətta yüksəkvəzifəli rəsmilərdən belə gizli saxlayıb.



