Dünyada yaşayan təxminən 28 milyard ev toyuğunun hamısının mənşəyi eyni vəhşi quş populyasiyasına gedib çıxır. Zooloqlar bu quşların əhliləşdirilməsinin Cənub-Qərbi Çin və materik Cənub-Şərqi Asiyada başladığını müəyyən ediblər.
Demokrat.az xəbər verir ki, bu barədə "Animals" elmi jurnalında dərc olunan araşdırmada bildirilib.
Kunmin şəhərindəki Yunnan Kənd Təsərrüfatı Universitetinin alimləri toyuqların genetikası, arxeoloji tapıntılar və qədim DNT nümunələri ilə bağlı tədqiqatları təhlil ediblər. Müxtəlif növlərin tam genomlarının müqayisəsi göstərib ki, müasir ev toyuqlarının əsas əcdadı bankiv toyuğu kimi tanınan vəhşi cəngəllik quşunun bir yarımnövüdür. Müxtəlif bölgələrdəki toyuqlar arasında genetik fərqlər isə sonrakı dövrlərdə yerli vəhşi quşlarla çarpazlaşma nəticəsində yaranıb.
Toyuqların insanlar tərəfindən yetişdirilməsinə dair ən qədim etibarlı sübutlar Taylandın Ban Non Vat yaşayış məntəqəsində aşkarlanıb. Təxminən 3500 il əvvələ aid olan ərazidə tapılmış quş sümüklərinin 95 faizi toyuqlara məxsusdur. Alimlər hesab edirlər ki, vəhşi quşlar ilkin olaraq əkin sahələrinə cəlb olunub, taxıl qalıqları ilə qidalanaraq tədricən insanların himayəsinə keçiblər.
Sonradan toyuqlar insanlarla birlikdə müxtəlif ərazilərə yayılıb. Eramızdan əvvəl ikinci minilliyin sonlarına doğru Çin və Hindistanda saxlanılan bu quşlar, eramızdan əvvəl birinci minillikdə yunan və finikiyalı tacirlər vasitəsilə Avropaya çatıb.
Maraqlıdır ki, toyuqlar Avropaya ilk yayıldıqları dövrdə əsasən qida mənbəyi hesab edilməyib. Məsələn, Britaniyada dəmir dövrünə aid məzarlıqlarda quşların bütöv şəkildə, kəsilmədən basdırıldığı müəyyən edilib. Tapıntılardan birində ayağındakı sınıq sağalmış toyuğun qalıqları aşkarlanıb. Bu isə quşa insanlar tərəfindən qulluq edildiyini göstərir.
Toyuq əti və yumurtası Roma dövründə geniş yayılmış qidaya çevrilib, quşların kütləvi yetişdirilməsi isə əsasən Orta əsrlərdə sürətlənib. XX əsrdə seleksiya işləri nəticəsində toyuqların genetik xüsusiyyətləri qısa müddətdə ciddi şəkildə dəyişib. Müasir broylerlər 1957-ci ildə yetişdirilən xətlərlə müqayisədə dörd dəfədən çox sürətlə böyüyür.
Tədqiqat müəllifləri toyuqların vəhşi əcdadlarının genetik müxtəlifliyinin qorunmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, bu genetik ehtiyat gələcək elmi araşdırmalar və yeni seleksiya işləri üçün mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, məşhur təbiətşünas Çarlz Darvin hələ 150 ildən çox əvvəl bankiv toyuğunu bütün ev toyuqlarının əcdadı hesab edirdi. Yeni araşdırma onun bu ehtimalının doğru olduğunu bir daha təsdiqləyib.



