YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Texnologiya

Cibinizi səssizcə boşaldırlar: İldə 2000 manatınız gedir — Diqqət!

Cibinizi səssizcə boşaldırlar: İldə 2000 manatınız gedir — Diqqət!

Müasir dövrdə bir çox insan musiqi platformaları, film və serial servisləri, mobil tətbiqlər, bulud yaddaşı və digər xidmətlərə aylıq abunəlik əldə edir. Bu ödənişlərin hər biri ayrı-ayrılıqda kiçik məbləğ olsa da, kartdan avtomatik tutulduğu üçün bəzən diqqətdən kənarda qalır. Nəticədə il ərzində bu cür xırda ödənişlər kifayət qədər böyük məbləğə çevrilə bilər.

Vətəndaşlar fərqində olmadan abunəliklərə il ərzində nə qədər pul xərcləyirlər və bu xərcləri necə nəzarətdə saxlamaq olar?

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, musiqi platformaları, film və serial servisləri, bulud yaddaşı, mobil tətbiqlər və süni intellekt alətləri müasir insanın gündəlik rəqəmsal həyatının ayrılmaz hissəsinə çevrilib:

Cibinizi səssizcə boşaldırlar: İldə 2000 manatınız gedir — Diqqət!

"İstifadəçilər bu xidmətlərə ayrı-ayrılıqda kiçik məbləğlər ödəsələr də, çoxsaylı abunəliklərin ümumi xərci ayın sonunda kifayət qədər ciddi rəqəmə çatır. Xüsusilə ödənişlərin avtomatik həyata keçirilməsi, kartdan vəsaitin istifadəçinin əlavə təsdiqi olmadan tutulması bu xərclərin çox vaxt diqqətdən kənarda qalmasına səbəb olur. Beynəlxalq araşdırmalara görə, orta istifadəçinin 4–5 aktiv abunəliyi var və bu xidmətlərə ayda təxminən 60–70 dollar xərclənir. Bu isə illik 700–850 dollar deməkdir. ABŞ-də aparılan sorğularda illik abunəlik xərclərinin 1000 dolları keçdiyi, bunun təxminən 200 dollarının isə ümumiyyətlə istifadə edilməyən xidmətlərə sərf olunduğu bildirilir".

Mütəxəssis qeyd edib ki, Azərbaycan bazarındakı qiymətlər əsasında hesablamalar aparıldıqda da diqqətçəkən mənzərə ortaya çıxır:

"Beş abunəliyin hər birinə orta hesabla ayda 10–15 manat ödənildiyini nəzərə alsaq, ümumi aylıq xərc 50–75 manat, illik xərc isə 600–900 manat təşkil edir. Ailədə 8–10 aktiv abunəlik olduqda bu məbləğ 1200–2000 manata qədər yüksələ bilər. 2026-cı ilin noyabrına olan təxmini qiymətlərə əsasən, "Spotify Premium"un aylıq ödənişi 5,49 dollar (təxminən 9 manat), "YouTube Premium" fərdi planının qiyməti 6,59 dollar (təxminən 11 manat), "Netflix"in rəsmi planlarının qiyməti isə paketdən asılı olaraq 7–20 dollar arasında dəyişir. "Apple Music" üçün aylıq ödəniş təxminən 10 manat, "iCloud+ 50 GB" üçün 0,99 dollar, "Google One" 100 GB üçün 1,99 dollar, "ChatGPT Plus" üçün isə 20 dollar təşkil edir. Mobil operatorların əlavə paketlərinin qiyməti də 3–15 manat arasında dəyişə bilər. Bununla yanaşı, xarici xidmətlərdən istifadə zamanı dollarla aparılan hesablaşmalara görə banklar əlavə konversiya komissiyası tətbiq edə bilər. Bu komissiya adətən 1–2 faiz təşkil etdiyindən, kartdan çıxılan faktiki məbləğ xidmətin elan etdiyi qiymətdən bir qədər yüksək olur".

Fərid Musayev əlavə edib ki, abunəlik xərclərinin nəzərdən qaçmasının bir neçə səbəbi var:

"Bunlardan birincisi avtomatik yenilənmədir. İstifadəçi xidmətə bir dəfə qoşulduqdan sonra növbəti ödənişlər onun əlavə təsdiqi olmadan həyata keçirilir. Digər səbəb kiçik məbləğlərin psixoloji olaraq ciddi xərc kimi qəbul edilməməsidir. Məsələn, 5–10 manatlıq ödəniş ayrı-ayrılıqda əhəmiyyətsiz görünsə də, bir neçə xidmət üzrə təkrarlananda ümumi məbləğ artır. Pulsuz sınaq müddətinin başa çatmasından sonra avtomatik olaraq ödənişli tarifə keçid də istifadəçilərin əlavə xərc çəkməsinə səbəb olur. Bundan başqa, xidmətlərin qiymətləri zaman-zaman artırılsa da, istifadəçilər bu dəyişiklikləri hər zaman vaxtında görmürlər. "App Store" və "Google Play" üzərindən edilən ödənişlərin bank çıxarışlarında bəzən yalnız "Apple" və ya "Google" adı ilə görünməsi də vəsaitin konkret hansı xidmətə yönəldiyini müəyyənləşdirməyi çətinləşdirir. Ailə üzvlərinin bir kartdan istifadə etməsi, eləcə də illik abunəliklərin yalnız ildə bir dəfə yenilənməsi xərclərin unudulmasına şərait yaradır. Bu xərclərə nəzarət etmək üçün xüsusi və bahalı proqramlardan istifadə etməyə ehtiyac yoxdur. İlk növbədə, son 3–6 ayın bank çıxarışlarını yoxlamaq və təkrarlanan ödənişləri müəyyənləşdirmək lazımdır. Bir çox bankın mobil tətbiqində abunəliklər və ya təkrarlanan ödənişlər bölməsi mövcuddur. Bununla yanaşı, "iPhone" istifadəçiləri "Settings" bölməsində Apple ID vasitəsilə "Subscriptions", Android istifadəçiləri isə "Play Store"da "Payments & subscriptions" hissəsindən aktiv abunəliklərini yoxlaya bilərlər. Maliyyə təhlükəsizliyi baxımından virtual kartlardan istifadə də tövsiyə olunur. Belə kartlara aylıq limit təyin etməklə gözlənilməz ödənişlərin qarşısını almaq mümkündür. Limit aşıldıqda ödəniş həyata keçirilmir və istifadəçi vəziyyətdən xəbər tutur. Bu üsul həm də əsas kart məlumatlarının müxtəlif platformalarda saxlanılması riskini azaldır. Pulsuz sınaq müddətindən yararlanan istifadəçilərə isə qeydiyyatdan dərhal sonra avtomatik yenilənməni ləğv etmək tövsiyə olunur. Əksər xidmətlərdə abunəlik ləğv edilsə belə, istifadəçi ödənişsiz sınaq müddətinin sonuna qədər xidmətdən yararlanmaq imkanını saxlayır. Həmçinin hər abunəliyin yenilənmə tarixindən 2–3 gün əvvəl təqvimdə xatırlatma yaratmaq, xüsusilə illik planlarda gözlənilməz ödənişlərin qarşısını ala bilər".