YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl İqtisadiyyat

Mağazaların "qara cümə" fırıldağı ifşa oldu — Açıqlama

Mağazaların qara cümə fırıldağı ifşa oldu — Açıqlama

Qara cümə və digər böyük endirim kampaniyaları ərəfəsində mağazalar müxtəlif məhsullara xüsusi güzəştlər vəd edərək alıcıların diqqətini cəlb etməyə çalışırlar. Bu dövrdə bir çox istehlakçı ehtiyacından asılı olmayaraq endirimdə olan məhsulları almağa üstünlük verir. Lakin bəzi hallarda endirim adı altında məhsulların ilkin qiymətinin süni şəkildə artırılması və ya real güzəştin olmaması ilə bağlı iddialar da gündəmə gəlir.

Endirim kampaniyaları həqiqətən istehlakçıların büdcəsinə qənaət etməsinə kömək edir, yoxsa daha çox alış-verişə təşviq etməklə əlavə xərclərə səbəb olur?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, "Qara cümə" şirkətlərin könüllü satış kampaniyaları və marketinq aksiyalarıdır:

Mağazaların qara cümə fırıldağı ifşa oldu — Açıqlama

"Burada şirkətlər üçün hər hansı məcburi tələb yoxdur. Şirkətlər könüllü olaraq öz marketinq və bazar strategiyalarına uyğun şəkildə "Qara cümə" kampaniyasında iştirak edirlər. Təbii ki, şirkətlər endirim imkanlarına uyğun olaraq məhsullarını təqdim edirlər. Adətən bu kampaniyalar həm yeni müştərilərin cəlb edilməsi, həm də endirimlər vasitəsilə şirkətin tanınma səviyyəsinin artırılması məqsədi daşıyır. Eyni zamanda, aksiyalar şirkətlərin vitrinlərini yeniləmək, əvvəlki dövrlərdən anbarlarda qalmış məhsulları sürətlə satmaq və anbar sahələrini boşaltmaq məqsədinə də xidmət edə bilər. Burada əsas məqsəd şirkətlərin satış həcmini artırmasıdır. Endirimlərin maliyyələşdirilməsinə gəlincə, şirkətlər adətən ilin əvvəlindən marketinq büdcələrində "Qara cümə" vasitəsilə daha çox müştəri cəlb etmək üçün müəyyən vəsait nəzərdə tuturlar. İkinci məqam isə satış həcmini kəskin artırmaqla sabit xərclərin məhsul vahidinə düşən payını azaltmaq və daha çox mənfəət əldə etməkdir. Təbii ki, "Qara cümə" kampaniyası davamlı ola bilməz. Şirkətlər bu aksiyanı bir neçə günlük müddətdə müəyyən güzəştlərlə həyata keçirirlər. Alıcılar da yaranmış imkanlardan faydalanmalıdırlar. Ehtiyaclarına uyğun məhsulları daha ucuz qiymətə əldə etmək imkanı istehlakçılar üçün əlverişli şərait yaradır. Burada əsas məqam ehtiyaclara uyğun keyfiyyətli məhsulun alınmasıdır".

İqtisadçının sözlərinə görə, endirimdən asılı olmayaraq, məhsullar ölkə standartlarına və qanunvericiliyin tələblərinə uyğun olmalıdır:

"Yəni endirimə çıxarılan məhsulun nə istifadə müddəti keçmiş olmalı, nə də keyfiyyət standartlarından kənara çıxmasına yol verilməlidir. Şirkətlər bu prosesə həm əvvəlki dövrlərdən və mövsümlərdən anbarlarında qalan məhsulların satışı, həm də yeni müştərilərin cəlb edilməsi vasitəsi kimi yanaşırlar. Eyni zamanda, marketinq xərclərinin bir hissəsini bu istiqamətə yönəldərək kampaniyanı maliyyələşdirirlər. Ümumi iqtisadi aktivlik artdığına və yığımlarda olan vəsait yenidən iqtisadiyyata qayıtdığına görə bu proses ölkə üçün də əhəmiyyətlidir. Şirkətlərin satışının, dövriyyəsinin və gəlirliliyinin artması iqtisadiyyat üçün vacibdir. Çünki şirkətlərin imkanları genişləndikcə, sonradan investisiyalarını və digər xərclərini artırmaq üçün də əlavə imkanlar yaranır. "Qara cümə" qısamüddətli satış və endirim kampaniyasıdır. Şirkətlər bu prosesdə qazanc əldə etmək məqsədilə iştirak edirlər. Heç bir şirkət zərərlə işləmək üçün belə kampaniyaya qoşulmur. Həm şirkətlər, həm də vətəndaşlar öz maraqlarına uyğun olaraq bu kampaniyadan maksimum faydalanmağa çalışırlar. Burada əsas məqam "Qara cümə" zamanı vətəndaşların aldadılması hallarının baş verməməsidir. Sahibkarlar Rəqabət Məcəlləsinin tələblərinə, xüsusilə də haqsız rəqabətlə bağlı müddəalara uyğun davranmalı, istehlakçılara yanlış məlumat verməməlidirlər. Eyni zamanda, nəzərə almalıdırlar ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məqsədlə bazarlarda davamlı monitorinqlər aparır. Yanlış məlumatların verilməsi və istehlakçıların aldadılması birbaşa qanun pozuntusudur".