İrlandiyada Şennon hava limanına qanunsuz daxil olan şəxs ABŞ ordusuna məxsus, təxminən 60 milyon dollar dəyərində C-130 Hercules hərbi yük təyyarəsinə ciddi ziyan vurub. Hücum zamanı baltadan və metalı aşındıran kimyəvi maddədən istifadə edildiyi bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.
Hadisə aprelin 11-də İrlandiyanın Limerik şəhəri yaxınlığında yerləşən Şennon hava limanında baş verib. İstintaq materiallarına əsasən, 48 yaşlı İrlandiya vətəndaşı Daithi O'Corrain hava limanının uçuş meydançasına gizli şəkildə daxil olub. O, ABŞ Milli Hava Qvardiyasına məxsus C-130 Hercules tipli hərbi yük təyyarəsinin kilid mexanizmini sındıraraq içəri keçib.
ABŞ prokurorluğunun hazırladığı ittiham aktında bildirilir ki, O'Corrain təyyarənin müxtəlif sistemlərinə ciddi ziyan vurub. O, elektrik naqillərini və hidravlik xətləri kəsib, maye oksigen xəttini zədələyib, pilot kabinəsindəki göstəriciləri sındırıb və hava kanallarını deşib.
İstintaqın məlumatına görə, şübhəli şəxs təyyarənin gövdəsinə zərər vermək üçün balta, alüminium və poladı aşındıra bilən qallium adlı kimyəvi elementdən istifadə edib.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəsmisi Ceyms Barnakl bildirib ki, hadisə ani vandalizm aktı olmayıb. Onun sözlərinə görə, şübhəli şəxs aylarla təyyarəni araşdırıb, lazımi alət və materialları əldə edib, vuracağı zərərin miqyasını artırmaq üçün əvvəlcədən hazırlıq görüb.
ABŞ prokurorları hesab edirlər ki, hücum ölkənin milli təhlükəsizliyinə və mühüm hərbi əməliyyatlarına təhlükə yaradıb. Təyyarənin başqa ölkəyə hərbi tapşırıq çərçivəsində uçuş etməzdən əvvəl hava limanında saxlanıldığı qeyd olunur.
Nyu-Yorkda açıqlanan ittiham aktına əsasən, O'Corrain dövlət əmlakına zərər vurmaqda ittiham olunur. Bu cinayətə görə onu 10 ilədək həbs cəzası gözləyə bilər.
Hazırda İrlandiyada həbsdə saxlanılan şübhəli şəxs hələ ABŞ-a ekstradisiya edilməyib.
Qeyd edək ki, Şennon hava limanı ABŞ hərbçilərinin istifadə etdiyi mühüm məntəqələrdən biridir. Hava limanında vaxtaşırı ABŞ-ın hərbi fəaliyyətinə qarşı etiraz aksiyaları da keçirilir. Donald Trampın sentyabr ayında İrlandiyaya səfəri zamanı da bu hava limanından istifadə olunub.



