Türkiyəli müğənni Güllünün (Gül Tut) ölümü ilə bağlı araşdırmada yeni detallar ortaya çıxıb. Hadisə anına aid olduğu bildirilən səs yazılarında eşidilən, şəxsiyyəti müəyyənləşdirilməyən kişi səsinin kimə məxsus olduğu araşdırılır.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, müğənninin oğlu Tuğberk Yağız Gülterin vəkili Rahmi Çelik tərəfindən Yalova Baş Prokurorluğuna təqdim edilən yeni sübutlar texniki araşdırma aparılması üçün TÜBİTAK-a göndərilib.
İş materiallarına əlavə edilən 28 oktyabr və 6 noyabr 2026-cı il tarixli ekspert rəylərində evdəki təhlükəsizlik kameralarının qeydlərində bəzi ifadələrin eşidildiyi bildirilib. Həmin yazılarda Güllüyə aid edilən "Məni burax", qızı Tuğyan Ülkəm Gülterə aid edilən "Pəncərədən atıl" sözləri, eləcə də kimliyi məlum olmayan kişi səsi yer alıb. Bununla belə, ekspertlər səs yazılarının hadisənin necə baş verdiyini təkbaşına qəti şəkildə sübut etmədiyini vurğulayıblar.
Güllünün bacısı Kader Tut isə ATV Haber-ə açıqlamasında diqqətçəkən iddia səsləndirib. O, qeyddə eşidilən kişi səsinin Tuğyan Ülkəm Gülterin keçmiş nişanlısı Kervana məxsus olduğunu irəli sürüb. Lakin bu iddia hələ texniki ekspertiza ilə təsdiqlənməyib.
Kader Tut bacısının ölümündə Sultan Nur Ulunun da əlaqəsinin olduğunu düşündüyünü deyib. O, Güllünün sadəcə itələnmədiyini, başqa formada pəncərədən atıldığını düşündüyünü bildirib.
Bundan başqa, vəkillər hadisə zamanı evdə üçüncü şəxsin olub-olmadığının, eləcə də telefonlar vasitəsilə kənar şəxslərlə səsli və ya görüntülü əlaqə yaradılıb-yaradılmadığının araşdırılmasını istəyiblər. Bu məqsədlə telefon qeydlərinin, tətbiq hesablarının və baza stansiyası məlumatlarının müqayisəli təhlili tələb olunub.
Qeyd edək ki, Güllü 26 sentyabr 2025-ci ildə Yalovanın Çınarcık rayonunda yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirib. Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi 9 oktyabr 2026-cı ildə onun qızı Tuğyan Ülkəm Gülteri üst nəslə qarşı qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib. Yeni təqdim olunan sübutlarla bağlı müraciətlərin hüquqi qiymətləndirilməsi isə davam edir.



