Cəmiyyətdə bəzən ağır cinayət hadisələrinin şahidi olan və ya belə cinayətlərin hazırlanmasından xəbərdar olduğu halda hüquq-mühafizə orqanlarına məlumat verməyən şəxslər necə davranmalı olduqlarını bilmirlər. Bəzi insanlar qorxu, təhdid və ya hadisəyə qarışmaq istəmədikləri üçün susmağa üstünlük verirlər.
Hansı hallarda susmaq hüquqi məsuliyyət yaradır və belə şəxsləri hansı cəza gözləyir?
Vəkil Ceyhun İsmayıllı Demokrat.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin 307-ci maddəsində müvafiq hüquqi məsuliyyət nəzərdə tutulub:

"Həmin maddə ağır və xüsusilə ağır cinayətləri bilib xəbər verməmə ilə bağlı məsuliyyəti nəzərdə tutur. Yəni ağır və xüsusilə ağır cinayətlərin hazırlanmasından və ya törədilməsindən xəbərdar olan, bunu görən şəxsin müvafiq orqanlara məlumat verməməsi cinayət məsuliyyəti yaradır. Lakin digər hallarda, məsələn, yüngül və az ağır cinayətlərə münasibətdə bu məsuliyyət tətbiq olunmur. Çünki həmin maddədə konkret olaraq göstərilir ki, bu tələb ağır və xüsusilə ağır cinayətlərə şamil edilir, digər cinayətlərə yox".
Vəkilin sözlərinə görə, şəxs ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasından, törədilməsindən və ya bu istiqamətdə hər hansı hərəkətlərin həyata keçirilməsindən xəbər tutursa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidir:
"Belə məlumatı olduğu halda gizlətməsi və xəbər verməməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb ola bilər. Burada əsas məsələ şəxsin hansı cinayət barədə məlumatlı olmasıdır. Bütün cinayətləri xəbər verməmək məsuliyyət yaratmır. Bu öhdəlik qanunda göstərilən ağır və xüsusilə ağır cinayətlərlə bağlıdır".



