Bakının Yasamal rayonunda avtomobil təmiri sexində dava düşüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 fevral 2026-cı il tarixdə baş verib. Göyçay rayon sakini, 1985-ci il təvəllüdlü Əhəd həmin gün saat 12:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən avtomobil təmiri sexində olarkən tanışı Zamiqlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, mübahisəyə Zamiqin ona verilən avtomobili rəngləməməsi və üzərinə götürdüyü işi vaxtında yerinə yetirməməsi səbəb olub. Şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Əhəd əli ilə Zamiqin ağız nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Əhəd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əhəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və Zamiqin ondan heç bir şikayət və tələbinin olmadığını bildirib. Zamiq də ifadəsində onun dediklərini təsdiqləyib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.



