Özünü psixoterapevt-həkim və elmi-lədun bilicisi kimi təqdim edən, 39 kitabın müəllifi olduğunu bildirən Paşa Yaqubun sosial şəbəkədəki paylaşımı ciddi müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, o, Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı yazdığı şərhdə cinayətə haqq qazandıran mövqe sərgiləyib.
Paşa Yaqub öz paylaşımında "Belə qeyrətli cavanlar çoxalsa, bəlkə pozğunluğun qarşısı alınar" ifadəsini işlədib.

O, paylaşımının şərh bölməsində Gülarənin qardaşının ondan sosial şəbəkələrdəki açıq-saçıq şəkillərini silməyi tələb etdiyini, gənc qızın isə bundan imtina etdiyi üçün öldürüldüyünü yazıb.
Xatırladaq ki, 2003-cü il təvəllüdlü Gülarə Mehdiyevanın qətli ilə bağlı xəbərlər ictimaiyyətdə geniş rezonans doğurub. Gənc qadının şəxsi həyatına və sosial şəbəkə paylaşımlarına görə öldürülməsinə haqq qazandıran yanaşma isə ayrıca müzakirə mövzusuna çevrilib.



