Dünya siyasətində bəzi görüşlər açıqlanan gündəmlərindən çox, daşıdıqları dərin məna ilə əhəmiyyət qazanırlar. Çinin Şəncjen şəhərində Donald Tramp, Vladimir Putin və Si Szinpini bir araya gətirən zirvə də məhz belə bir toplantıdır. Üç liderin eyni masada görüşməsi təkcə diplomatik əlaqələr baxımından deyil, həm də gələcək illərdə dünyanın hansı güc balansı ilə qarşı-qarşıya qalacağı nöqteyi-nəzərindən diqqətlə incələnməlidir. Çünki bu gün yaşanan mübarizə bir neçə ölkə arasındakı siyasi anlaşılmazlıqların çox kənarına keçib. İqtisadiyyatın, texnologiyanın, enerji mənbələrinin və hərbi gücün kimlərin nəzarətində olacağı gələcəyin beynəlxalq nizamını müəyyən edəcəkdir.
Zirvədə nüvə silahları, İran, müharibələr və qlobal təhlükəsizlik kimi mövzuların müzakirə olunacağı gözlənilir. Lakin əsl məsələ bu mövzuların hər birinin arxasında dayanan maraqlardır. ABŞ, Çin və Rusiya bir-biri ilə rəqabət apararkən eyni zamanda bu rəqabətin özləri üçün nə qədər irəli gedə biləcəyini də hesablayırlar. Nəzarətdən çıxan qarşıdurma təkcə rəqibə deyil, mübarizə aparan bütün tərəflərə zərər verə bilər. Buna görə də böyük güclərin zaman-zaman üz-üzə gəlmələri qədər, müəyyən məsələlərdə razılıq əldə etməyə çalışmaları da öz maraqlarının nəticəsidir.
Dövlətlərin gücü artıq təkcə ordularının böyüklüyü ilə ölçülmür. Hansı ölkənin texnologiya istehsal etməsi, enerji mənbələrinə necə çıxış əldə etməsi, təchizat zəncirlərini nə dərəcədə idarə etməsi ən azı hərbi potensial qədər vacibdir.
Bu mübarizəni təkcə ABŞ ilə Çin arasındakı rəqabətə endirmək yanlışdır. Rusiyanın hərbi potensialı, nüvə gücü, enerji ehtiyatları və Avrasiyadakı mövqeyi onu beynəlxalq siyasətdə mühüm iştirakçı olaraq saxlayır.
Yeni dövrün ən diqqətçəkən tərəfi böyük güclərin bir-birini tamamilə sıradan çıxarmaqdan çox, bir-birinin hərəkət sahəsini məhdudlaşdırmağa çalışmasıdır. Məqsəd rəqibin aradan qalxmasından çox, öz maraqlarını təhdid edə bilməyəcək bir mövqedə tutulmasıdır. 1945-ci il Yalta Konfransının xatırladılması təsadüfi deyil. O dövrdə müharibənin qalibləri sonrakı siyasi nizamı öz maraqlarına uyğun formalaşdırmışdılar. Bu gün eyni üsulun eynilə təkrarlanması mümkün deyil, çünki dünya artıq daha çox iştirakçıya və bir-birinə bağlı iqtisadi əlaqələrə malikdir. Lakin Yaltanın xatırlatdığı əsas məsələ hələ də qüvvədədir: Böyük dövlətlər öz aralarındakı münasibətləri tənzimləyərkən kiçik və ya orta ölçülü ölkələrin maraqları nə qədər nəzərə alınır?
Yeni dövrdə nüfuz sahələri artıq yalnız sərhədlərlə deyil, texnoloji asılılıqlarla müəyyən ediləcək. Bir ölkənin hansı texnologiya infrastrukturundan istifadə etməsi, enerji ehtiyacını haradan qarşılaması, müdafiə sistemlərini kimdən alması, ticarətini hansı marşrutlarla yürütməsi xarici siyasət seçimlərinə birbaşa təsir edəcək. Kağız üzərində müstəqil olan bir dövlət əgər əsas ehtiyaclarının böyük hissəsini başqa ölkələrin nəzarətindəki sistemlərdən qarşılayırsa, qərar verərkən də bu asılılığın sərhədləri içində qalacaq. Sərhədlər dəyişməsə belə, dövlətlərin müstəqil hərəkət etmək imkanları darala bilər. Qabaqcıl çiplər, süni intellekt, məlumat mərkəzləri, peyk sistemləri və rabitə infrastrukturları gələcəyin iqtisadi və hərbi üstünlüyünü müəyyən edəcək. ABŞ Çinə məhdudiyyətlər qoyarkən, Çin xarici asılılığını azaltmaq üçün nəhəng sərmayələr yatırır. Batareya istehsalı, elektron hissələr və enerji saxlama sistemləri artıq sadə sənaye mövzuları deyil, ehtiyac duyulan xammal və texnologiyanı təmin edən tərəf lazım gəldikdə bunu siyasi təzyiq alətinə çevirə bilər.
Sanksiyalar, ixrac məhdudiyyətləri, texnologiya maneələri və maliyyə sisteminə girişin məhdudlaşdırılması vasitəsilə bir ölkənin torpaqlarına əsgər göndərmədən də iqtisadi hərəkət sahəsini daraltmaq mümkündür. Rusiya Çinin iqtisadi gücünə və ya ABŞ-nin maliyyə şəbəkəsinə sahib olmasa da, hərbi qüdrəti, nüvə silahları, enerji mənbələri və Avrasiya coğrafiyasındakı mövqeyi ilə mühüm hərəkət sahəsinə malikdir. Çinlə yaxınlaşması isə sərhədsiz ortaq məna daşımır, maraqlar zaman-zaman toqquşa bilər.
ABŞ və Çin Hesabları: Vaşinqton iki böyük güclə eyni anda uzunmüddətli mübarizə aparmağın xərclərini hesablayır. Pekin isə iqtisadi inkişafını davam etdirmək, Tayvan və Cənubi Çin dənizindəki təzyiqləri azaltmaqla yanaşı, uzunmüddətdə daha güclü mövqe qazanmağa çalışır.
Orta Şərq: Bölgə təkcə neft və qazla deyil, nəqliyyat yolları, limanlar və boğazlarla (Hürmüz, Bab əl-Məndəb, Süveyş) qlobal tarazlıqlara birbaşa təsir edir. İran məsələsi və digər regional iştirakçıların (Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail) öz hədəfləri var; xaricdən müəyyənləşdirilən güc bölgüsünə bu coğrafiya səssizcə uyğunlaşmayacaq.
Türkiyə kimi ölkələr üçün bu yeni dövrün əsas məsələsi baş verən prosesləri öz maraqları istiqamətində oxumaq və qərar qəbuletmə sərbəstliyini qorumaqdır. Qara dəniz, Qafqazlar, Orta Şərq və Şərqi Aralıq dənizindəki proseslər Ankaranın təhlükəsizlik prioritetlərinə birbaşa təsir edir. Enerji və texnologiyada xarici asılılığın azaldılması, müdafiə sənayesində mühüm irəliləyişlərin əldə olunması coğrafi üstünlüyü əsl gücə çevirəcəkdir. Dünya yenidən şəkillənərkən ən böyük yanılgı yeni nizamın yalnız üç liderin iradəsi ilə qurulacağını düşünməkdir. Gələcəyin ən önəmli mübarizəsi torpaqları qorumaqdan çox, ölkələrin öz qərarlarını vermə imkanlarını qoruma mübarizəsi olacaqdır. Yeni dünya düzənində əsas müəyyənedici kimin daha çox torpağa sahib olması deyil, kimin başqalarının qərarlarına təsir edə biləcək gücü əlində tutmasıdır.
Eylem Okumuş,
türkiyəli siyasi analitik və yazıçı



