YapiKredi Müraciət Forması
Mazda CX-5
İqtisadiyyat Özəl

Artıq heç nə bizim olmayacaq? — 2030-dan dünya yeni modelə keçir

Artıq heç nə bizim olmayacaq? — 2030-dan dünya yeni modelə keçir

Dünyada istehlak vərdişləri sürətlə dəyişir və mülkiyyət anlayışının yerini kirayə modelinin tutacağı iddia olunur. Bəzi proqnozlara görə, 2030-cu ildən etibarən insanlar ev, avtomobil və telefon kimi əşyaları almaq əvəzinə məcburiyyətdən kirayələyəcəklər.

Bəs bu proqnozlar nə dərəcədə realdır və dünya həqiqətən də mülkiyyət anlayışından uzaqlaşırmı?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, kirayə və icarə anlayışları yeni deyil.

Artıq heç nə bizim olmayacaq? — 2030-dan dünya yeni modelə keçir

Onun sözlərinə görə, bu anlayışlar əsrlərdir mövcuddur və artıq həm Mülki Məcəllədə, həm də Vergi Məcəlləsində öz əksini tapıb:

"Hazırda dünyada mənzillərin, qeyri-yaşayış sahələrinin, eləcə də torpaq sahələrinin kirayə və icarəyə verilməsi tendensiyası güclənir. Bu proses Azərbaycanda, o cümlədən Bakıda da müşahidə olunur. Yəni insanlar əvvəlki dövrlərlə müqayisədə daha çox əmlakı satın almaq əvəzinə, müəyyən müddətə istifadə etməyə üstünlük verirlər. Bu tendensiya təkcə daşınmaz əmlakla məhdudlaşmır. Məsələn, əvvəllər insan velosiped almağa üstünlük verirdisə, indi şəhərin müxtəlif yerlərində yerləşdirilən velosipedlərdən müvəqqəti istifadə edə bilir. Çünki velosipedi hər zaman özü ilə daşımaq, onu saxlamaq və səfərin sonunda geri qaytarmaq müəyyən çətinliklər yaradır. İnsan bir istiqamətə velosipedlə gedib, geri qayıdarkən ictimai nəqliyyatdan və ya taksidən istifadə etmək istəyə bilər. Kirayə modeli isə bu prosesi xeyli asanlaşdırır. Velosipedi bir məntəqədən götürüb başqa məntəqədə təhvil vermək mümkündür.

Bu cür xidmətlərin geniş yayılmasında yeni texnologiyaların da rolu böyükdür. Əvvəllər GPS və digər texnoloji imkanlar olmadığı üçün velosiped və skuterlərin qısa müddətə kirayəyə verilməsi indiki qədər əlçatan deyildi. İndi isə həmin texnologiyaların nəqliyyat vasitələrinə inteqrasiyası onların istifadəsini və icarə prosesini xeyli asanlaşdırıb. Eyni yanaşma avtomobillərə də aiddir. Avtomobillərin uzunmüddətli icarəsi əvvəldən mövcud olsa da, gələcəkdə bu modelin daha da genişlənəcəyi gözlənilir. Çünki insanlar getdikcə daha mobil həyat tərzi keçirirlər. Məsələn, əvvəllər iş yerini dəyişən insanlar yeni şəhərdə və ya ərazidə mənzil almaq əvəzinə kirayəyə üstünlük verirdilər. İndi oxşar yanaşma avtomobillərlə bağlı da formalaşır. İnsanlar avtomobil almaq, onu saxlamaq və bütün xərclərini qarşılamaq əvəzinə, ehtiyac duyduqları müddətdə icarə avtomobilindən istifadə edə bilirlər.

Digər tərəfdən, burada məhsulların fiziki və mənəvi köhnəlməsi amili də var. Xüsusilə mobil telefonlar, kompüterlər və digər texnoloji cihazlar sürətlə yeniləndiyindən əvvəlki modellər qısa müddətdə köhnəlmiş hesab olunur. Bu isə həmin məhsullara uzunmüddətli sahiblik marağını azaldır. Əksinə, insanlar dəyişən texnologiyalara uyğunlaşmaq və ehtiyac yarandıqca daha yeni modellərdən istifadə etmək istəyirlər. Bu proses dairəvi iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir. Çünki istifadə olunmuş məhsulların yenidən dövriyyəyə qaytarılması, təkrar emal edilməsi və xammal kimi istifadə olunması daha aktual məsələyə çevrilir. Məhsullardan daha səmərəli və uzunmüddətli istifadə etmək iqtisadi baxımdan da əhəmiyyət daşıyır. Eyni tendensiyanı proqram təminatlarında da görürük. Əvvəllər insanlar proqramları birdəfəlik satın alaraq uzun müddət istifadə edirdilərsə, indi aylıq və ya illik abunə modelləri geniş yayılıb. Yəni proqramı ömürlük almaq əvəzinə, yalnız istifadə etdikləri müddət üçün ödəniş edirlər. Bu baxımdan abunə modeli ilə kirayə və icarə arasında oxşarlıq var. Hər üç halda söhbət hansısa məhsuldan və ya xidmətdən daimi sahiblik deyil, müəyyən müddət ərzində istifadə etməkdən gedir. Uzunmüddətli sahiblik əvəzinə qısamüddətli istifadə modeli genişlənir. Bunun əsas səbəblərindən biri insanların həyat tərzinin və mobilliyinin dəyişməsidir.

Əvvəllər həyat daha stabil idi. İnsanlar əsasən doğulduqları kənddə və ya şəhərdə yaşayır, ailənin bir neçə nəsli eyni ərazidə məskunlaşırdı. Babalar, övladlar və nəvələr çox vaxt eyni kənddə, eyni evdə və ya yaxın ərazilərdə həyatlarını davam etdirirdilər. İndi isə vəziyyət fərqlidir. Bir ailənin övladlarından biri Almaniyada, digəri Çində, başqa bir övladı isə tamamilə fərqli ölkədə yaşaya və ya təhsil ala bilər. İnsanlar coğrafi baxımdan daha mobil olublar və uzun müddət eyni yerdə qalmaq əvvəlki qədər geniş yayılmış həyat tərzi deyil. Digər mühüm amil texnologiyanın sürətlə dəyişməsidir. Keçmişdə insanların istifadə etdiyi əmək alətləri yüz illərlə, hətta nəsillər boyu demək olar ki, eyni qalırdı.

Məsələn, XVII əsrdə istifadə edilən at arabası ilə XVIII əsrdə istifadə olunan at arabası arasında ciddi fərq olmaya bilərdi. Kotan, balta və digər əmək alətləri də uzun müddət dəyişməz qalırdı. İndi isə vəziyyət tamamilə fərqlidir. Bir neçə il əvvəl alınmış telefon və ya kompüter qısa müddətdə köhnəlmiş hesab oluna bilər. Texnologiyalar o qədər sürətlə yenilənir ki, bir insanın həyatı ərzində istifadə etdiyi məhsullar dəfələrlə dəyişir. Belə şəraitdə insanlar uzun müddət eyni məhsula sahib olmaq əvəzinə, ehtiyaclarına uyğun olaraq onu yeniləməyi və ya müvəqqəti istifadə etməyi daha məqsədəuyğun hesab edirlər. Beləliklə, həm insanların coğrafi mobilliyinin artması, həm də texnologiyaların sürətlə dəyişməsi uzunmüddətli sahiblik modelini əvvəlki qədər cəlbedici etmir. Çünki insanlar artıq gələcəkdə harada yaşayacaqlarını, hansı işlə məşğul olacaqlarını və hansı texnologiyadan istifadə edəcəklərini əvvəlcədən dəqiq müəyyənləşdirə bilmirlər.

Uzunmüddətli sahiblik modeli daha çox həmin əmlaka biznes kimi yanaşan şəxslər üçün aktual qalır. Məsələn, mənzili kirayəyə vermək və ya avtomobili icarəyə təqdim etmək məqsədilə alan şəxslər üçün uzunmüddətli sahiblik iqtisadi fəaliyyətin bir hissəsidir. Lakin birbaşa istehlakçı baxımından yanaşdıqda, avtomobili, mənzili və digər məhsulları mülkiyyətə götürməkdənsə, ehtiyac yarandığı müddətdə onlardan istifadə etmək modeli getdikcə daha cəlbedici olur".

Qeyd edək ki, Türkiyəli iqtisadçı İslam Memiş dünyada istehlak vərdişlərinin dəyişəcəyini və gələcəkdə mülkiyyət anlayışının yerini kirayə modelinin tuta biləcəyini bildirib. Onun fikrincə, 2030-cu ildən etibarən insanlar ev, avtomobil, telefon və digər əşyaları almaq əvəzinə uzunmüddətli müqavilələrlə kirayələməyə məcbur qalacaqlar.