YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Dünya İqtisadiyyat

2027-də dünyanı nə gözləyir? — İqtisadçıdan proqnoz

2027-də dünyanı nə gözləyir? — İqtisadçıdan proqnoz

2026-cı il dünya gündəmində baş verən müharibələr, geosiyasi qarşıdurmalar, Hörmüz boğazı ətrafında yaranan gərginlik və qlobal iqtisadi çətinliklərlə yadda qaldı.

Bəs 2027-ci ildə dünyanı hansı proseslər gözləyir? Müharibələrin genişlənməsi və ya yeni münaqişələrin yaranması ehtimalı nə qədərdir? Hörmüz boğazı ətrafındakı gərginlik dünya iqtisadiyyatına necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, 2026-cı il dünya üçün müharibələr, geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi problemləri və iqtisadi çətinliklərlə yadda qalan dövr oldu.

2027-də dünyanı nə gözləyir? — İqtisadçıdan proqnoz

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə gərginliyin artması, İran-ABŞ münasibətlərindəki qeyri-müəyyənlik və Hörmüz boğazı ətrafında yaranan risklər beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərib:

Eyni zamanda, qlobal iqtisadiyyatda inflyasiya, enerji qiymətləri, ticarət məhdudiyyətləri və böyük dövlətlər arasında iqtisadi rəqabət əsas problemlər olaraq qaldı. 2027-ci ildə dünya siyasətinin əsas məsələlərindən biri Rusiya-Ukrayna müharibəsinin gələcəyi olacaq. Müharibənin uzanması həm Rusiya, həm Ukrayna, həm də Avropa iqtisadiyyatı üçün ciddi maliyyə və təhlükəsizlik yükü yaradır. ABŞ və Avropa ölkələrinin diplomatik səyləri nəticəsində atəşkəs və ya müvəqqəti razılaşma əldə olunması mümkündür. Lakin tərəflərin ərazi, təhlükəsizlik və siyasi təminatlarla bağlı mövqelərindəki fərqlər uzunmüddətli sülhün əldə olunmasını çətinləşdirir.

2027-ci ildə tammiqyaslı sülh müqaviləsindən daha çox, atəşkəs və danışıqlar prosesinin intensivləşməsi ehtimalını nəzərə almaq lazımdır. Bu müharibənin nəticələri Avropanın təhlükəsizlik arxitekturasına, NATO-nun gələcək strategiyasına və Rusiya ilə Qərb arasındakı münasibətlərə uzun illər təsir göstərəcək.

2027-ci ilin ən həssas geosiyasi məsələlərindən biri İran-ABŞ münasibətləri və Hörmüz boğazı ətrafında yaranan vəziyyət olacaq. Dünya neft ticarətinin mühüm hissəsinin bu strateji marşrutdan keçməsi onu qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətli edir. Hörmüz boğazında hər hansı hərbi qarşıdurma və ya gəmiçilik məhdudiyyəti neft və qaz qiymətlərinin yüksəlməsinə, nəqliyyat və sığorta xərclərinin artmasına, nəticədə isə dünya üzrə inflyasiyanın sürətlənməsinə səbəb ola bilər. Əgər ABŞ və İran arasında diplomatik razılaşma əldə olunarsa, enerji bazarında müəyyən sabitlik yarana bilər. Əks halda, yeni hərbi eskalasiya dünya iqtisadiyyatına ciddi zərbə vura bilər. Buna görə də 2027-ci ildə enerji təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də beynəlxalq siyasi münasibətlərin əsas mövzularından biri olacaq. Beynəlxalq Valyuta Fondunun 2026-cı ilin oktyabr proqnozlarına əsasən, dünya iqtisadiyyatının 2027-ci ildə təxminən 3,4 faiz artacağı gözlənilir. Bu, qlobal iqtisadiyyatda müəyyən canlanma ehtimalını göstərir. Lakin artım ölkələr və regionlar üzrə qeyri-bərabər olacaq.

ABŞ iqtisadiyyatında nisbətən sabit artım, Çin iqtisadiyyatında isə daha aşağı templə inkişaf gözlənilir. Avropa İttifaqında iqtisadi artımın nisbətən zəif qalacağı ehtimal olunur. Enerji qiymətləri, dövlət borcları, ticarət məhdudiyyətləri və geosiyasi risklər qlobal iqtisadiyyatın əsas problemləri olaraq qalacaq. Süni intellekt, rəqəmsallaşma, robotlaşdırma və yeni texnologiyalara investisiyalar isə iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək. 2027-ci ildə neft bazarının vəziyyəti böyük ölçüdə Yaxın Şərqdəki hadisələrdən və dünya iqtisadiyyatının inkişafından asılı olacaq. BVF-nin baza ssenarisində neftin orta qiymətinin 2027-ci ildə təxminən 87 dollar olması nəzərdə tutulur.

Lakin regional münaqişələrin genişlənməsi və Hörmüz boğazında ciddi problemlərin yaranması halında qiymətlər daha yüksək səviyyələrə qalxa bilər. Digər tərəfdən, dünya iqtisadiyyatında zəifləmə və enerji təklifinin artması neft qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər. Bu baxımdan, enerji ixrac edən ölkələr üçün 2027-ci il həm imkanlar, həm də ciddi iqtisadi risklər ili olacaq. 2027-ci ildə beynəlxalq münasibətlərin digər əsas istiqaməti ABŞ və Çin arasında geosiyasi, iqtisadi və texnoloji rəqabət olacaq. Süni intellekt, yarımkeçiricilər, strateji xammal, qlobal ticarət və Tayvan məsələsi bu rəqabətin əsas mövzuları olaraq qalacaqlar, gömrük tarifləri və texnoloji məhdudiyyətlər vasitəsilə rəqabətin daha da güclənməsi mümkündür.

Dünya tədricən daha çoxqütblü beynəlxalq sistemə doğru irəliləyir. ABŞ, Çin, Rusiya, Avropa İttifaqı, Hindistan və digər regional güclər yeni siyasi və iqtisadi balansın formalaşmasında mühüm rol oynayacaqlar. 2027-ci ildə beynəlxalq münasibətlərin digər əsas istiqaməti ABŞ və Çin arasında geosiyasi, iqtisadi və texnoloji rəqabət olacaq.

Süni intellekt, yarımkeçiricilər, strateji xammal, qlobal ticarət və Tayvan məsələsi bu rəqabətin əsas mövzuları olaraq qalacaq. Birbaşa hərbi qarşıdurma əsas ssenari olmasa da, iqtisadi sanksiyalar, gömrük tarifləri və texnoloji məhdudiyyətlər vasitəsilə rəqabətin daha da güclənməsi mümkündür. Dünya tədricən daha çoxqütblü beynəlxalq sistemə doğru irəliləyir. ABŞ, Çin, Rusiya, Avropa İttifaqı, Hindistan və digər regional güclər yeni siyasi və iqtisadi balansın formalaşmasında mühüm rol oynayacaqlar. Qlobal geosiyasi və iqtisadi dəyişikliklər Azərbaycan üçün də həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, Orta Dəhlizin inkişafı, Türkiyə ilə strateji tərəfdaşlıq və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi ölkənin beynəlxalq mövqeyini gücləndirə bilər.

Xüsusilə Orta Dəhliz Azərbaycanın tranzit və logistika imkanlarını artırmaq baxımından strateji əhəmiyyət daşıyır. Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış bu marşrutun iqtisadi əhəmiyyətini daha da artırır. Bununla yanaşı, neft qiymətlərinin aşağı düşməsi dövlət gəlirlərinə təsir göstərə bilər. Buna görə də qeyri-neft sektorunun inkişafı, sənayenin şaxələndirilməsi, kənd təsərrüfatı, turizm, logistika və texnologiya sahələrinə investisiyaların artırılması əsas prioritetlərdən biri olmalıdır.

Beləliklə, 2027-ci il dünya üçün yeni geosiyasi və iqtisadi balansın formalaşdığı mühüm mərhələ ola bilər. Rusiya-Ukrayna müharibəsinin gələcəyi, İran-ABŞ münasibətləri, Hörmüz boğazının təhlükəsizliyi, ABŞ-Çin rəqabəti və qlobal iqtisadi artım beynəlxalq gündəliyin əsas məsələləri olaraq qalacaq. Qənaətimə görə, 2027-ci ildə dünya iqtisadiyyatında müəyyən bərpa prosesi müşahidə oluna bilər, lakin geosiyasi risklər tam aradan qalxmayacaq. Əsas məsələ böyük dövlətlərin qarşıdurma və əməkdaşlıq arasında hansı yolu seçəcəyidir. Azərbaycan üçün isə bu dəyişən beynəlxalq şəraitdə düzgün xarici siyasət, enerji diplomatiyası, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və qeyri-neft iqtisadiyyatının gücləndirilməsi strateji əhəmiyyət daşıyacaq. 2027-ci il təkcə yeni təqvim ili deyil, həm də dünya nizamının gələcək istiqamətinin müəyyənləşdiyi mühüm siyasi və iqtisadi mərhələ olacaq".