YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

"Sədərək bazarına yolum düşəndə dünya başıma fırlanır" — Eyyub Hüseynov

Sədərək bazarına yolum düşəndə dünya başıma fırlanır — Eyyub Hüseynov

Xaricdən idxal olunan məhsullara gömrük rüsumlarının artırılması yerli istehsalın qorunması və daxili bazarda rəqabət imkanlarının genişləndirilməsi baxımından atılan addımlardan biri hesab olunur. Lakin yerli məhsulların bazardakı mövqeyini gücləndirmək üçün yalnız idxala məhdudiyyətlərin tətbiqi kifayət etmir. İstehlakçıların yerli məhsullara etimadının artırılması, keyfiyyətin yüksəldilməsi, qiymətlərin rəqabətqabiliyyətli olması və istehsal standartlarına əməl edilməsi də vacibdir.

Daxili bazarda yerli məhsullara inamı artırmaq üçün nə etmək lazımdır? Niyə "Azərbaycan malı" deyiləndə istehlakçılarda narazılıq yaranır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, idxal mallarına tətbiq olunan rüsumların artırılması zəruri olsa da, bu addım qətiyyən kifayət deyil:

Sədərək bazarına yolum düşəndə dünya başıma fırlanır — Eyyub Hüseynov

"Hər nə məsələ varsa, hamısı istehlakçının ətrafında cərəyan edir. Hər şey istehlakçının istəklərindən asılıdır. Bizim nəslin yaddaşında bir qolu gödək, bir qolu uzun, bir ayağı uzun, bir ayağı gödək olan "Volodarski" paltarları qalıb və bu təsəvvür nəsildən-nəslə intuitiv olaraq ötürülür. Göz qabağında olan bəzi məsələlər də istehlakçıların yerli mallara inamsızlığını şərtləndirir. Çox təəssüf ki, bu qərarları qəbul edən hökumət qurumları məsələni istehlakçıların maraqları baxımından həll etmək barədə qətiyyən düşünmürlər. Bunun səbəbi odur ki, istehlakçıların hüquqlarını müdafiə edən qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri qanuna dəyişiklik edilməyib, bazar inkişaf edib, onlayn ticarət yaranıb və sair. Halbuki bazarda tələbi yalnız istehlakçı yaradır və formalaşdırır. İstehlakçıların yerli mallara meylinin artırılması təkcə reklam vasitəsilə deyil, real məhsul nümunələri ilə mümkündür. Qurumlar təəssüf ki, bu sahədə nə media, nə də istehlakçı hüquqlarını qoruyan və istehlakçıların inamını qazanmış təşkilatlarla əməkdaşlıq edirlər. Belə əməkdaşlıq qurmaq fikrində də deyillər. Qeyd etdiyim kimi, bu, zəruri olsa da, qətiyyən kifayət deyil və istənilən nəticəni vermir. İstehlakçı gedib ikinci əl xarici mallar alır və ya pulunu yığıb xaricdən gətirilən məhsullara üstünlük verir. Bu isə heç də xarici malların daha keyfiyyətli və üstün olması demək deyil".

Eyyub Hüseynov qeyd edib ki, böyük yarmarkaların künc-bucağına nəzər saldıqda yerli kostyumların tikildiyini, ayaqqabıların hazırlandığını və üzərinə xarici markaların vurulduğunu görmək mümkündür:

"Yenə də istehlakçı yerli malı geyinir, lakin həmin məhsulların üzərindəki xarici markalara baxanda rəğbət göstərir, yerli markalara isə eyni münasibəti bəsləmir. Ona görə də istehsalla məşğul olan sahibkarlar istehlakçılarla, istehlakçı təşkilatları ilə və media ilə sıx əlaqədə işləməlidirlər. Təkcə yalançı, cəlbedici vizual reklamlarla deyil, real məhsul nümunələri ilə də ortaya çıxmalıdırlar. Məsələn, Sədərək bazarına yolum düşəndə dünya başıma fırlanır. Özümü çox pis hiss edirəm. Baxıram ki, demək olar, Azərbaycan istehsalı olan məhsul yoxdur. Bu, məni həddindən artıq üzür. Başqa ölkələrə gedirəm, yerli malları da görürəm və Azərbaycan haqqında düşünəndə, əlbəttə, təəssüf hissi keçirirəm. Düzdür, yerli mallar qiymət baxımından xarici məhsullarla rəqabətə davam gətirmir. Məsələn, mən illər boyu 4 manata olan pencək geyinmişəm. Çox müasir dəbdə tikilmiş, özü də təzə idi. Düzdür, materialının nə olduğunu bilmirəm, görünür, çox ucuz materialdan hazırlanmışdı. Ancaq onu neçə il geyindim, dəbli tikilişi var idi. Buyursunlar, Azərbaycan istehsalçıları da buna bənzər işlər görsünlər. Necə olur ki, qonşu Türkiyə yüngül sənaye sahəsində bu qədər irəliləyib? Necə deyərlər, aramızda bir metr məsafə yoxdur, Azərbaycan isə öz məhsulları ilə bu qədər geri qalıb? Bu sahədə ciddi iş görülməlidir. Dizaynerlər nəsli yetişməlidir. Yerli mallara üstünlük verən və məhsul nümunələri ilə istehlakçıların rəğbətini qazanan biznes qurumları meydana çıxmalıdır. Azad İstehlakçılar Birliyi olaraq, belə təşəbbüslər olarsa, onlara tam təmənnasız kömək etməyə hazıram. Çox təəssüf ki, Azərbaycan bu sahədə çox-çox geridə qalır. Sədərək bazarı vəziyyəti olduğu kimi əks etdirir. Məndə olan məlumata görə, hətta avtomobillərə yapışdırılan dövlət nömrə nişanları da xaricdə istehsal olunur. Yəni bu sahədə təkcə sənətkarlar təşəbbüs göstərməməlidir, dövlət də onlara dəstək olmalı, vergiləri minimuma endirməlidir. Yerli istehsalçıların məhsul istehsalında maraqlı olması üçün əlverişli şərait yaradılmalıdır".

Sədr əlavə edib ki, Azərbaycanda uzun illər toxuculuq və ipəkçilik sənayesi mövcud olsa da, həmin sahələr tənəzzülə uğrayıb:

"Hamısı məhv olub gedib. Təəssüf ki, bu kimi məsələlər diqqət mərkəzində olmalıdır. Dəri sənayesi ilə bağlı da vəziyyət ürəkaçan deyil. Azərbaycan dərini xaricə ixrac edir. Ölkədə külli miqdarda yun toplanıb. Fermerlər qoyunlardan qırxdıqları yunu yandırırlar, saxlamağa yerləri də yoxdur. Məsələn, qoyun yunundan hazırlana biləcək bir məhsul barədə fikrim var. Yerli, qaba qoyun yununu emal edib xarici ölkələrə göndərmək olar. Buyursunlar, saytınız vasitəsilə deyirəm, maraqlananlar soruşsunlar: Eyyub bəy, həmin məhsul hansıdır? Özüm bilərəkdən demirəm. Yəni bu sahədə təkcə sənətkarlar təşəbbüs göstərməməlidir, dövlət də onlara dəstək olmalı, vergiləri minimuma endirməlidir. Mənim Səkinə adlı bir qohumum var idi. Təxminən 40 gün əvvəl vəfat edib. Yaşlı qadın idi, Sabirabad rayonunda yaşayırdı. Heç bir təhsili yox idi, hətta orta məktəbi belə bitirməmişdi. O, həyəti-bacasında limon, mandarin, banan və demək olar ki, xaricdən gətirilən bütün meyvələri yetişdirmişdi. Hazırda da bağında həmin meyvələr var. Yaxşı, Azərbaycanda bu qədər təhsilli aqronom var, bəs Səkinə qədər bacarıqlı aqronomlar yoxdur?"