YapiKredi Müraciət Forması
Mazda CX-5
Region Özəl

İran dövlət kanalında türklərə qarşı təhqirlər davam edir — VİDEO

İran dövlət kanalında türklərə qarşı təhqirlər davam edir — VİDEO

İran dövlət kanalının efirindən türklərə qarşı təhqirlər sistemli surətdə davam edir.

Hətta fars faşizminin nökərləri belə təhqir qılıncından qurtula bilmir!

Hakimiyyət şairi, fars mərkəzçiliyinin qatı müdafiəçisi Əlirza Qəzvə dövlət televiziyasında çıxış edərək ifrat millətçiliyin əsl simasını bir daha açıb göstərdi. Elə bir düşüncə tərzi ki, nə Azərbaycan türklərinin ana dilinə haqq tanıyır, nə də İslam Cümhuriyət quruluşunun içərisindən çıxış edərək xalqın dil hüquqlarını müdafiə edənlərə dözür!

Əlirza Qəzvənin Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgiyə qarşı "Zaman" verlişinin İran televiziyasının İkinci kanalında yayımlanan canlı efirində dilə gətirdiyi aşağılamalar adi söz mübahisəsi, yaxud şəxsi fikir ayrılığı deyil. Bu hadisə köklü bir düşüncənin göstəricisidir.

Fars dilini vətəndaşlığın, milli sədaqətin ölçüsü sayan, fərqli səsləri isə "axmaqlıq", "separatçılıq" və "milli təhlükəsizliyə təhdid" damğaları ilə susdurmağa çalışan düşüncə tərzinin göstəricisidir! Rəsul Bərginin "suçu" nə idi? Təbriz uşaqlarının ana dilini fars dili kimi təqdim edən televiziya verlişinə qarşı durmaq və türk dilində təhsil hüququnu savunmaq!

Əlbəttə, Rəsul Bərginin siyasi tutumları, bir qrup axmaq paniranistin dilindən düşməyən sanki, "Azərbaycan Respublikası İrandan ayrılıb, yenidən ananın qoynuna qayıdacaq" kimi sərsəm iddiaları təkrarlaması ayrıca müzakirə, tənqid mövzusudur. Ancaq əsas məsələ budur: Var olan siyasi quruluşun çərçivəsində hərəkət edən, dönələrlə mərkəzçi güclərin xoşuna gələn çıxışlar edən birisi Güney Azərbaycan türklərinin ən adi dil haqlarını savunan kimi hücumların, aşağılamaların amacına çevrilir.
Bu, dil faşizminin məntiqidir: Təkcə itaət yetərli deyil, öz kimliyini də danmalısan!

İllərdir İranın dövlət mediası "separatçılıq", "milli güvənlik", "ərazi bütövlüyü" kimi anlayışlardan yararlanaraq fars olmayan millətlərin mədəni, dil haqları uğrunda apardığı mübarizəni güvənlik məsələsinə çevirir. Bu təbliğat maşınında farsca danışmaq vətənsevərlik nişanəsi sayılır, türk dilində dərs oxumaq istəyi isə ayrılmaçılıq suçlamasına yol açır! Nə qədər gülünc ziddiyyətdir!

Şəhriyar farsca şeirlər yazdığı üçün türk deyildimi? Bir şairin yazı dili onun milli kimliyini, ana dilini əlindən ala bilərmi? Fars dilinin zorunlu təhsil yolu ilə öyrədilməsi nəticəsində yaranan maraq, türk dilinə bağlılıqdan çəkinmək anlamına gəlməlidirmi?Kəsinliklə yox!

Şəhriyar kimi böyük şəxsiyyətlər bütün ədəbi ucalıqları ilə Azərbaycan millətinin mədəni mirasının ayrılmaz parçasıdır. Onların ana dilini, türk kimliyini yazdıqları əsərlərin dilinə baxaraq danmaq olmaz. Nəhayət, Şəhriyar ömrünün orta çağlarında bu gerçəyi düşündü, "Heydərbabaya salam" əsəri ilə yenidən öz millətinin, öz dilinin böyük şairinə çevrildi.

"Özümü öymək sayılmazsa, mən fəxrlə türkəm" deyimi ilə tanınan, türk kimliyini açıq şəkildə dilə gətirdiyi bildirilən böyük alim Məhəmmədtəqi Cəfərinin adına bağlanan məşhur fikir də, qaynağının dəqiqləşdirilməsinə ehtiyac olsa da, önəmli bir gerçəyi ifadə edir: İnsan bir neçə dil bilə, ayrı-ayrı mədəniyyətlərə sayğı göstərə, eyni zamanda öz milli kimliyini qoruya bilər.

Unutmaq olmaz: Vətən sevgisi özünü danmaq deyil, ayırca dilli yurddaşlarla birlik eyniləşmək demək deyil!

Bu gün Güney Azərbaycanın, eləcə də İran coğrafiyasında yaşayan başqa türk toplumlarının tələbləri təkcə məktəblərdə ana dilində təhsillə bitmir. Onilliklər boyu sürən etinasızlıq, ayrı-seçkilik, kimliyin danılması mədəni, milli istəkləri daha geniş müstəviyə daşıyıb. Öz gələcəyini seçmək haqqı da fars olmayan millətlərin siyasi düşüncəsində müzakirə olunan başlıca məsələlərdən birinə çevrilib.

İran siyasətçiləri doğrudan da ölkənin parçalanmasından narahatdırlarsa, anlamalıdırlar ki, millətlərin kimliyini alçaltmaqla birlik qurulmaz. Milyonlarla insanın dilini rəsmi təhsil ocaqlarından qıraqda saxlamaq, tarixini, mədəniyyətini arxa plana atmaq, sonra da "milli birlik" şüarları ilə hər şeyin düzələcəyini gözləmək olası deyil.

Birliyə təhlükə yaradan mədəni haqların tələb olunması deyil, bu haqların dönə-dönə danılmasıdır.

Son illərdə ölkə dışında keçirilən bəzi aksiyalarda Pəhləvi, İsrail bayraqlarının yanaşı qaldırılması da bir gerçəyi üzə çıxardı: Hər milli kimlik tələbini ayrılmaçılıq damğası ilə gözdən salmağa çalışanlar, şah hakimiyyətinin qurulmasını, xarici siyasi asılılığı açıq şəkildə savunan güclər qarşısında susmağa üstünlük verirlər.

İran yaylasının türkləri türk olduqlarını sübut etmək üçün Qəzvənin icazəsinə möhtac deyillər! Ana dillərini qorumaq üçün İran dövlət televiziyasının təsdiqinə də ehtiyacları yoxdur!

Bu torpağın öz kimliyi, tarixi, dili, mədəni yaddaşı var. Heç bir hakimiyyət, şair, televiziya aparıcısı, təbliğat qurumu təhqir, damğalama yolu ilə bu gerçəyi dəyişə bilməz.

Bəlkə də baş verənlərin ən mühüm göstəricisi elə budur: Ana dili haqqını var olan quruluşun çərçivəsində, az da olsa savunmaq belə, bu cür sərt reaksiyaya səbəb olursa, deməli, sorun tamam başqa yerdədir.

Problem ana dili haqqını tələb edənlərdədir, yoxsa bu haqqın adını eşitməyə belə dözməyən quruluşda?

Türk dili bizim haqqımızdır! Heç kəs bu haqqı bizdən əsirgəyə, onu öz lütfü kimi təqdim edə bilməz!

Həbib Yakamoz

Editor
Redaktor