Saatlı rayonunda 34 yaşlı kişi mağazada həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Asim boşanma ərəfəsində olduğu həyat yoldaşı Xuramanın (adlar şərtidir – red.) Saatlı şəhəri, H. Əliyev prospektində yerləşən ticarət mərkəzində işlədiyini güman edib.
İstintaq sənədlərinə görə, o, 18 fevral 2026-cı il tarixdə, saat 13:30 radələrində ticarət mərkəzinə gedib. İçəri daxil olduqda orada Xuramanı görüb. Yanına yaxınlaşaraq arvadından boşanmaq istəmədiyini və müvafiq ticarət mərkəzində ondan xəbərsiz işləməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan mərkəzin işçiləri və müştərilərinin gözü qarşısında onunla mübahisə edib.
Asim qadına binanın içərisində, malların yığıldığı vitrinlərin arasında, kənar şəxslərin yanında qəsdən bir dəfə şillə ilə sifət nahiyəsindən zərbə vuraraq xəsarət yetirib. Daha sonra xuliqanlıq hərəkətlərini davam etdirərək kənar şəxslərin yanında Xuramanın qolundan və paltarından tutaraq fiziki zor tətbiq edib, bıçaqla öldürməklə hədələyib və zorla mağazanın binasından çıxarıb. Daha sonra qadını yaxınlıqdakı "Muğan" parkına aparıb.
Asim barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, həyat yoldaşı Xuramanın boşanmaq istəməsinə dözə bilməyib və hadisə günü, təxminən saat 13:30 radələrində Xuramanın təcrübə keçdiyi Saatlı şəhərində yerləşən ticarət mərkəzinə gedib:
"Bu zaman ona "Burada nə işin var?" dedim. Xuraman isə cavabında "Özüm bilərəm harada işləyirəm" dedi. Buna görə onun sifət nahiyəsinə şillə ilə zərbə vurdum. Zərbənin təsirindən Xuraman yanı üstə yerə yıxıldı. Həmin vaxt ticarət mərkəzində olan işçilərdən Camal və adını dəqiq bilmədiyim şəxslər hadisəyə müdaxilə etmək istədilər. Lakin həmin şəxslərin üstünə qışqıraraq onlara Xuramanın həyat yoldaşım olduğunu dedim və yaxına gəlməmələrini tələb etdim".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Xuramanın qolundan və boyun nahiyəsindən yapışaraq onu dartıb ticarət mərkəzinin arxa qapısından çölə çıxarıb:
"Xuramanı "Muğan" parka aparmağa çalışdım. Lakin ticarət mərkəzinin qapısından çıxarkən işçilərdən bir nəfər kişi bizi ayırmaq üçün araya girəndə əlimlə həmin şəxsi ticarət mərkəzinə tərəf itələdim və işimə qarışmamasını bildirdim.
Bundan sonra Xuramanın qollarından tutaraq onu parka apardım. Orada skamyada oturtdum və onunla söhbət edərək söz-söhbəti yığışdırmasını, gedib yenidən birgə həyatımıza davam etməyimizi xahiş etdim.
Lakin Xuraman onu yaşadığı kəndə aparmaq üçün gələn və taksi fəaliyyəti göstərən dayısı oğlu Malikə döyüldüyünü dedi və qardaşı Elmirə zəng edərək məlumat verməsini xahiş etdi. Xuramanın sözündən sonra Malik getdi. Xuraman mənimlə parkda qalaraq söhbət etməyə davam etdi.
Təxminən bir saat sonra qaynım Elmir parka gəldi. Mən də Elmirə aramızda yaranmış söz-söhbəti qaydaya salmasını və ailəmi özümə qaytarmağıma köməklik etməsini xahiş etdim. Elmir isə bu məsələnin ona deyil, atasına aid olduğunu bildirdi".
İş üzrə zərərçəkmiş Xuramanın sözlərinə görə, peşə liseyində təhsil aldığından həmin təhsil müəssisəsi tərəfindən bir ay müddətinə təcrübə keçməsi üçün Saatlı şəhərində yerləşən ticarət mərkəzinə göndərilib.
Onun sözlərinə görə, hadisə günü, təxminən saat 13:30 radələrində ticarət mərkəzində təcrübə keçərkən onun orada olduğunu bilən Asim ticarət mərkəzinə gəlib. O, Xuramana "Burada nə gəzirsən?" deyərək sifət nahiyəsinə şillə ilə güclü zərbə vurub:
"Zərbənin təsirindən sağ yanı üstə yerə yıxıldım. Asim də yerə yıxıldığımı görərək qolumdan və boyun nahiyəmdən tutdu, məni sürüyərək ticarət mərkəzinin arxa qapısından çölə çıxarmağa çalışdı. Həmin vaxt kassanın qarşısında olan metal arakəsmədən yapışdım. Lakin Asim güc tətbiq etdiyi üçün məcbur qalaraq metal arakəsmədən əlimi buraxdım.
Bundan sonra Asim qolumdan dartaraq məni ticarət mərkəzinin qapısından çölə çıxardı. Həmin vaxt Asimin sifət nahiyəmə vurduğu zərbənin təsirindən başım gicəlləndiyi və halsız olduğum üçün aşağı oturdum.
Bu zaman kömək etmək üçün arxamca gələn Zəminə və Camal qapının qarşısında Asimlə mübahisə etdilər. Mübahisə zamanı Asim əli ilə Camalı kənara itələyərək ona "Həyat yoldaşımdır, özüm bilərəm" dedi və işinə qarışmamasını bildirdi".
Zərərçəkmiş qeyd edib ki, daha sonra Asim onu yerdən qaldıraraq qollarından yapışıb parka aparmağa çalışıb:
"Həmin vaxt Asimə müqavimət göstərmək istəsəm də, səsimi çıxaracağım halda üzərində olan bıçaqla məni doğrayacağını dedi. Asimin dediyi sözdən qorxduğum üçün səsimi çıxarmadım və onunla birlikdə parka getdim.
Parkda olarkən Asim məni skamyada oturtdu, məhkəməyə verdiyim boşanma ərizəmi geri götürməyimi və yenidən birgə yaşamağı tələb etdi. Əgər onun dedikləri ilə razılaşmasam, özünü öldürəcəyi barədə video çəkəcəyini, həmçinin məni də öldürəcəyini, atam və qardaşımı tutdurmaq üçün onlara böhtan atacağını bildirdi".
Saatlı Rayon Məhkəməsinin hökmü ilə Asim 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etmək, həmçinin yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etmək qadağan olunub.
Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılıb.



